Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-10 18:45:00
DİM-in şöbə müdiri: “Bu şəxslərin imtahanda uğur qazanma faizi daha böyükdür”

Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərovun  müsahibəsi:

- Dövlət qulluğuna qəbulun DİM tərəfindən həyata keçirilməsindən sonra nə qədər insan bu imtahanlarda iştirak edib? Müraciətlərin sayında illər üzrə artım varmı?

- Azərbaycan Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilən “Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən, DİM dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. DİM-in çoxsaylı fəaliyyət sahələrindən biri də dövlət qulluğudur. Bu istiqamətdə Dövlət İmtahan Mərkəzi dövlət qulluqçularının Reyestrinin aparılması, test imtahanlarının keçirilməsi, uğur əldə etmiş namizədlər üçün sertifikatların hazırlanması, təqdim edilməsi, müsahibələrin keçirilməsi ilə bağlı işlər, dövlət qulluğu üzrə ehtiyat kadrlar siyahısının formalaşdırılması, dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətinin öyrənilməsi və digər zəruri funksiyaları həyata keçirir.

Mərkəz tərəfindən 2017-ci ilin dekabr ayından dövlət qulluğu üzrə test imtahanları keçirilir. Bu müddət ərzində ümumilikdə 7938 nəfər - 2017-ci ildə 1005, 2018-ci ildə 3199, 2019-cu ildə isə 3734 nəfər - test imtahanlarında sertifikat əldə etmək hüququ qazanıb. Namizədlərə 5663 sertifikat təqdim edilib. Bəzi hallarda namizəd sertifikatı götürməkdən imtina edir. Bu, onunla əlaqədardır ki, şəxs eyni tip sertifikat aldıqda həmin sertifikatı götürməyə ehtiyac duymur. Amma nəzərə almaq lazımdır ki, bir sertifikatın müddəti 5 ildir və onun birinci sertifikatının müddəti bitdikdə ikinci dəfə aldığı sertifikatdan istifadə edə bilər.

Bu ilin yanvar və fevral aylarında keçirilən imtahanlarda isə 827 nəfər uğurlu nəticə göstərib, həmin şəxslər sertifikat almaq üçün elektron qeydiyyatdan keçməlidirlər.

- Bəs ümumilikdə dövlət qulluğuna qəbulla bağlı nə qədər imtahan keçirilib?

- Qeyd etdiyim kimi, 2017-ci ilin dekabr ayından başlayaraq hər ay dövlət qulluğu üzrə imtahanlar keçirilir. Bir ay A qrupu üzrə, bir ay isə B qrupu üzrə. A sertifikatı kompüter vasitəsilə elektron qaydada, B qrupu imtahanları kağız üzərində test şəklində keçirilir. A qrup sertifikatlar inzibati rəhbər vəzifələr, B qrup sertifikatlar isə inzibati icraçı vəzifələr üçün nəzərdə tutulub. B qrupu üzrə imtahan iştirakçılarının sayı A qrupuna nisbətən daha çox olur. Belə ki, A qrup sertifikatı əldə etməklə yanaşı, bu qrup üzrə vəzifələrin tutulması üçün müəyyən staj tələbinin ödənilməsi də zəruridir. Bu səbəbdən dövlət qulluğunda heç vaxt çalışmayan və vəzifə tələbinə uyğun stajı olmayan gənc namizədlər A qrup sertifikatı əldə etsələr belə, müsahibələrdə iştirak edə bilməyəcəklər. Ona görə də həmin şəxslər üçün B qrupu üzrə sertifikat almaq daha məqsədəuyğundur.

- B qrupu üzrə sertifikat əldə edib, bir neçə il bu vəzifədə çalışan biri daha sonra daha böyük vəzifəyə keçəndə A qrup sertifikatı əldə etmək üçün yenidən imtahan verməlidir, yoxsa yalnız müsahibədə iştirak etmək  kifayətdir?

- Dövlət qulluğu ilə bağlı 3 müsahibə növü var. Sertifikatı olan şəxslər müsabiqənin müsahibə mərhələsində iştirak edir, yəni, iki mərhələli müsabiqədən – test imtahanından və müsahibədən keçərək dövlət qulluğuna qəbul edilə bilərlər. Ümumi müsahibədə inzibati vəzifələr üzrə ən az 5 il dövlət qulluğu stajı olan şəxslər və ya hazırda dövlət qulluqçusu olan şəxslər iştirak edə bilərlər. Daxili müsahibə isə dövlət orqanı daxilində keçirilir və orada çalışan dövlət qulluqçularına aid edilir. Müsabiqə əsasında dövlət qulluğuna qəbul olan şəxslər ümumilikdə 9 aylıq staj və sınaq müddətini bitirdikdən sonra vəzifə tələbləri ödənildiyi halda daxili müsahibə yolu ilə iki təsnifat yuxarı vəzifəyə təyin oluna bilərlər.

- Dövlət qulluğunda uğurlu nəticə əldə edənlərin sayında azalma, yoxsa artım var?

- Sertifikat üzrə imtahanların keçirildiyi müddət ərzində iştirak sayı 15 minə yaxın olub. Qeyd edim ki, eyni şəxslər bir neçə dəfə imtahanlarda iştirak edib. 2019-cu ilin may ayından 2020-ci ilin fevral ayınadək müsabiqə üzrə müsahibədə iştirak etmək istəyən 10722 nəfərin müsahibədə iştirakına razılıq verilib. Vəzifə, iş stajı, ixtisas, sertifikat, təhsil, xarici dil və s. tələblərin uyğun olmaması səbəbindən 481 namizədin müsahibədə iştirakına razılıq verilməyib. Ümumi müsahibədə 584 nəfərin iştirakına razılıq verilib, 165 namizədin iştirakına razılıq verilməyib. Daxili müsahibədə iştirakına razılıq verilənlərin sayı 283 nəfər, razılıq verilməyənlərin sayı 24 nəfər olub. Ümumilikdə 197 nəfər müsahibələrdə iştirakdan imtina edib.

İllər üzrə statistikaya baxsaq, 2017-ci ildə yalnız ümumi və daxili müsahibə keçirilib. Müsahibədə iştirak edənlərin sayı 425 nəfər olub. 2018-ci ildə qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra müsabiqə üzrə müsahibə də daxil olmaqla 5899 müsahibə keçirilib. 2019-cu ildə isə 7353 müsahibə keçirilib. Ümumilikdə üç il ərzində 13677 müsahibə keçirilib.

2017-ci ildə 270 nəfər, 2018-ci ildə 2135 nəfər, 2019-cu ildə 2140 nəfər, ümumilikdə 4545 nəfər müsahibələrdən uğurla keçib. Onlardan 3299 nəfər vəzifəyə təyin olunub. Göründüyü kimi, vətəndaşlar dövlət qulluğu ilə bağlı müsabiqə və müsahibələrdə iştirak edirlər və uğur qazanırlar. Təqdim etdiyimiz  göstəricilər dövlət qulluğu sahəsində Mərkəz tərəfindən həyata keçirilən tədbirlərin sistemli, ardıcıl və şəffaf şəkildə aparıldığını sübut edir. Nəticədə vətəndaşlarda dövlət qulluğu üzrə vakant vəzifələrə iddia edərək uğur qazanmağın mümkün olduğuna inam yaranır.

 - Müsahibələr necə keçirilir?

- Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibələrin keçirilməsi Azərbaycan Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydalar əsasında aparılır. Müsahibə Komissiyası üç üzvdən - DİM nümayəndəsindən, dövlət orqanının nümayəndəsindən və müstəqil ekspertdən ibarət formalaşdırılır. Namizədin qiymətləndirilməsi dörd meyar - proqram üzrə bilik səviyyəsi, peşə hazırlığı, şəxsi keyfiyyətlər və ümumi dünyagörüşü üzrə aparılır. Belə ki, komissiya üzvlərinin namizədə verdikləri qiymətlər cəmlənir və 3-ə bölünür. Nəticə ən az 16 bal olarsa, namizəd vəzifəyə uyğun hesab edilir. Əgər ayrılıqda verilən ballar arasında fərq ən az 3, komissiyanın 2 üzvünün nəticəsi ümumi nəticəyə əks olarsa, müsahibənin nəticəsi etibarsız hesab edilir.

- Namizəd müsabiqə və müsahibə mərhələsindən keçəndən sonra onun dövlət orqanlarına yerləşdirilmə prosesinə də Mərkəz nəzarət edirmi?

- Qanunvericilikdə nəzərdə tutulub ki, müsabiqədən keçən şəxs dövlət orqanı tərəfindən verilən qərara əsasən ya vəzifəyə təyin olunmalı, ya da ehtiyat kadrlar siyahısına salınmalıdır, bu, mütləqdir. Ümumi və daxili müsahibədə isə uğur qazanmış şəxslərdən biri vəzifəyə təyin edilə bilər. Vəzifəyə təyin olunmamış digər şəxslər isə ehtiyat kadrlar siyahısına daxil edilmir. Dövlət orqanının rəhbəri müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərin təqdim olunduğu gündən on beş gün müddətində qəbul etdiyi qərar barədə Mərkəzə məlumat verir. Gecikmə halları olduqda Mərkəz tərəfindən dövlət orqanına qərarın bildirilməsinin zəruriliyi barədə müvafiq məktub göndərilir.

- Müsahibə olmadan dövlət qulluğuna təyin edilən şəxslər olubmu?

- Mərkəz tərəfindən Dövlət qulluqçularının Reyestri və digər sistemlərin köməyi ilə qanunvericilk tələblərinin pozulması halları müəyyən edildikdə bu barədə müvafiq dövlət orqanlarına rəsmi məlumat verilir.

- Bu zaman həmin şəxsdən əlavə onu qanunvericiliyin tələbini pozaraq işə götürən orqan da məsuliyyət daşımalı deyil?

- Təbii ki, bu məsələdə dövlət orqanı daha çox məsuliyyət daşıyır. Dövlət qulluğuna qəbul və vəzifədə yüksəliş zamanı qanunvericilik tələblərinə riayət edilməlidir.

- Dövlət qulluğuna imtahan verənlər arasında qadınlar, yoxsa kişilər üstünlük təşkil edir?

- Kişilərin nisbət sayı daha çoxdur. Amma fevralın 16-da keçirilən sonuncu imtahanda 803 nəfər müvəffəqiyyət qazandı və məlum oldu ki, qadınların uğur əldə etmə faizi kişilərdən çoxdur. Sevindirici haldır ki, qadınlar dövlət qulluğu üzrə imtahanlarda fəal iştirak edirlər.                               

- Hazırda dövlət qulluqçularının Reyestrində nə qədər şəxs haqqında məlumatlar toplanıb?

- Bildiyiniz kimi, Azərbaycan Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara əsasən, dövlət qulluqçularının Reyestri Prezident Administrasiyası və Dövlət İmtahan Mərkəzi tərəfindən birgə aparılır. Hazırda Reyestrin məlumat bazasında 28238 nəfər dövlət qulluqçusu haqqında məlumat var. Onlardan 22478 nəfər inzibati, 5760 nəfər isə yardımçı vəzifədə çalışır. Yardımçı vəzifələrə müsahibə tətbiq edilmir, bu vəzifələrdə çalışmaq üçün tam orta təhsilin olması kifayətdir.

- Dediniz ki, reyestrdə 28 mindən çox dövlət qulluqçusu barədə məlumat var. Bu say ölkədəki bütün dövlət qulluqçularının sayıdır?

- Bu, Reyestrə daxil edilmiş dövlət qulluqçularının sayıdır. Dövlət orqanları kateqoriyaya görə bir-birindən fərqlənir. Müsahibələr 1-5-ci kateqoriya dövlət orqanlarında 1-7-ci təsnifat inzibati vəzifələr üzrə keçirilir. Ali kateqoriya dövlət orqanları və yerli icra hakimiyyəti orqanları üzrə inzibati vəzifələrin tutulması üçün müsahibə keçirilmir. Ali kateqoriya dövlət orqanlarına Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə aiddir. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər barədə məlumatlar isə mövcud qaydalara əsasən Reyestrə daxil edilmir.

- Dövlət qulluqçularının Reyestri var. Bəs DİM tərəfindən dövlət qulluğu vəzifələrinin də vahid reyestri aparılırmı? Ölkədə nə qədər dövlət qulluğu vəzifəsi var?

- Dövlət qulluğu üzrə vəzifələr barədə məlumatlar dövlət qulluqçularının Reyestrində mövcuddur.

- Bəs daha çox hansı yaş aralığında olanlar dövlət qulluğuna qəbul olmaq istəyir?

- Dövlət qulluğuna imtahan verənlər əsasən 21-35 yaşında olanlardır. Onların uğur qazanma faizi də böyükdür. 45 yaşdan 60 yaşa qədər olan şəxslərdə faiz nisbəti daha aşağıdır. Amma onların arasında da uğur qazananlar var.

- Ümumilikdə dövlət qulluğu ilə bağlı nə qədər sertifikat mövcuddur?

- Hazırda AA, AB, AC, BA və BB qrupları üzrə 20 sertifikat növü mövcuddur. Məsələn, BB qrupu üzrə imtahanda iştirak edən şəxs 100 ballıq şkala üzrə 65 bal topladıqda BB4, 70 bal topladıqda BB3, 75 bal topladıqda BB2, 80 bal topladıqda isə BB1 sertifikatı əldə etmək hüququ qazanır. Bir qrup daxilində sertifikat almış namizəd həmin qrupda daha aşağı sertifikat növlərinə aid vəzifələr üzrə də müsahibələrdə iştirak edə bilər. Bir qrup daxilində sertifikat almış şəxs digər qruplara aid vəzifələr üzrə müsahibələrdə iştirak edə bilməz. Əlavə edim ki, sertifikat alaraq müsahibə əsasında dövlət qulluğunda vəzifəyə təyin olunmuş şəxs həmin sertifikatın qüvvədə olma müddəti bitdikdən sonra vəzifə altqrupuna uyğun yeni sertifikat almalıdır. Bu sertifikatın alınması üçün keçiriləcək imtahanın məzmununun fərqli olması nəzərdə tutulur.

- Dövlət qulluğu ilə bağlı vakant yerlər ən çox hansı orqanlar üzrə olur?

- Son zamanlaradək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha çox vakant vəzifələr mövcud olurdu. Bu, struktur üzrə ştat vahidlərinin daha çox olması ilə bağlı idi. Amma Prezident Fərmanından sonra həmin nazirlikdə müəyyən ixtisarlar aparılır. Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Nazirliyində də vakant vəzifələr çox olur.

- Bəs ən çox hansı quruma vakant dövlət qulluğu üçün sənəd verilir? Yəni ən populyar dövlət orqanları hansılardır?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Maliyyə Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə və məhkəmə orqanlarına  müraciətlər çox olur. AQTA yeni yaranmış orqan olduğu üçün vətəndaşları daha çox cəlb edir. Burada dövlət qulluqçularının böyük əksəriyyəti müsahibələr əsasında işə götürülüb.

- Vakant yerləri elana çıxarmayan orqanlar aşkarlanıbmı? Nə qədər belə fakt olub?

- Biz dövlət orqanlarında mövcud olan vakant vəzifələri Reyestr vasitəsilə izləyirik. Əgər hər hansı mərkəzi icra hakimiyyəti orqanında vakant vəzifə varsa, qanunvericiliyə əsasən elana çıxarılmalıdır. Bu baş vermədikdə vakant vəzifələrin elana çıxarılması üçün müvafiq dövlət orqanına rəsmi müraciət edilir.

Eyni zamanda müddətli əmək müqaviləsi üzrə inzibati vəzifələrdə çalışan şəxslər mövcuddur. Onlar dövlət qulluqçusu deyillər və vəzifəni müddətli əmək müqaviləsi əsasında icra edirlər. Belə hallarda həmin şəxslərin dövlət qulluğu üzrə sertifikat imtahanına cəlb olunması üçün Mərkəz tərəfindən müvafiq dövlət orqanına müraciət edilir.

Müqavilə üzrə çalışan bəzi şəxslər hesab edirlər ki, onlar dövlət qulluqçusudurlar. Lakin əslində həmin şəxs dövlət qulluğunun bütün hüquqlarından məhrumdur və dövlət qulluqçusuna aid imtiyazlardan istifadə edə bilməz. O, sadəcə dövlət qulluğu vəzifəsini icra edir. Ona görə də bu kateqoriyadan olan şəxslər imtahan nəticəsində sertifikat əldə edərək icra etdikləri vakant vəzifəni dövlət qulluqçusu kimi tutmağa çalışmalıdılar.

 - Müddətli əmək müqaviləsi ilə çalışanların sayı nə qədərdir?

- 2019-cu ilin statistikasına görə, dövlət orqanlarında 2473 nəfər müddətli əmək müqaviləsi əsasında çalışır. Onlardan 555 nəfər imtahan nəticəsində sertifikat əldə edib və müsahibələrdə iştirak edib. Müsahibələrdə 332 nəfər uğur qazanıb, 311 nəfər vəzifəyə təyin edilib. Bu, müsbət haldır. Dövlət Qulluğunu İdarəetmə Şurasının müddətli əmək müqaviləsi ilə çalışan şəxslərin dövlət qulluğu imtahanına cəlb olunması barədə qərarı mövcuddur. Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq bu qərarın yerinə yetirilməsi istiqamətində işlər aparır. Bir sıra hallarda hər hansı şəxs dövlət orqanında müddətli müqavilə ilə çalışır, dövlət orqanı da bu şəxsi itirmək istəmir. Ona görə də imtahanda iştirak edərək uğur qazanmaq həm dövlət orqanı, həm də müddətli müqavilə ilə çalışan şəxs üçün əhəmiyyət kəsb edir. Dövlət qulluğunda imtiyazlar, əmək haqqına əlavələr, gələcəkdə pensiya təminatı  və s. bu məsələnin həllindən asılıdır.

- Ehtiyat kadrlar siyahısına düşən şəxslərin aqibəti necə olur?

-Ehtiyat kadrlar siyahısı müsabiqə, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ştatların ixtisarı əsasında formalaşdırılır. Ehtiyat kadrda olma müddəti 2 ildir. Bu müddətdə həmin şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qulluğunda analoji, yəni tutulma şərtləri eyni olan vəzifələrə birbaşa təyin edilə bilərlər. Ehtiyat kadr siyahısında olan şəxslər müsabiqədə və yaxud müsahibədə də iştirak edə bilərlər. Bəzi hallarda bir orqandan ehtiyata düşmüş şəxs digər orqanda analoji vəzifəyə təyin edilir.

- Ehtiyat kadra düşənlərin sayı nə qədərdir?

- Hazırda ehtiyat kadr siyahısında 901 nəfər şəxs haqqında məlumatlar var. Mərkəzin internet saytında bu barədə ictimaiyyətə açıq məlumatlar təqdim edilib. Dövlət orqanları həmin məlumatlardan uyğun kadrların seçilməsi üçün istifadə edirlər. Həmin səhifədə eyni zamanda ehtiyatdan dövlət qulluğu vəzifələrinə təyin edilmiş şəxslər barədə də məlumatlar almaq mümkündür.

- Bir dövlət orqanında dövlət qulluğunda vəzifədə çalışan şəxs başqa bir dövlət orqanında başqa bir vəzifədə çalışmaq üçün yenidən dövlət qulluğuna imtahan verməlidir?

- Qanunvericilikdə dövlət qulluqçularının bir orqandan digərinə rotasiya qaydasında eyni vəzifə təsnifatı üzrə birbaşa yerdəyişməsi nəzərdə tutulub. Yuxarı təsnifata uyğun vəzifəyə yerdəyişmə edilməsi isə yalnız müsahibə əsasında həyata keçirilməlidir.

- Dövlət qulluğu imtahanı vermək istəyənlər arasında DİM-dən kənar ali təhsil müəssisələrinə qəbul olanlar varmı?

- Dövlət qulluğu üzrə imtahanda iştirak etmək üçün müraciət etmiş şəxslərin təhsilə aid məlumatları Mərkəz tərəfindən “Tələbə-məzun” dövlət elektron informasiya sistemi vasitəsilə yoxlanılır. Qeyd etdiyiniz hallar aşkar edildikdə məsələnin araşdırılması üçün Təhsil Nazirliyinə sorğu verilir. Sorğuya cavab olaraq ali təhsil barədə diplomun həqiqi olmadığı təsdiq edildikdə həmin diplomu təqdim etmiş şəxsin dövlət qulluğuna qəbulla bağlı proseslərdə iştirakına icazə verilmir və saxta diplom haqqında müvafiq məlumatlar hüquq-mühafizə orqanlarına yönəldilir.

- Son olaraq, dövlət qulluğunda “Karyera bələdçisi” elektron xidmətinin məqsədi, əhəmiyyəti nədir, necə istifadə olunur?

- “Karyera bələdçisi” sistemi Mərkəzin saytında yerləşdirilib. Bu sistem dövlət qulluqçularına və dövlət qulluğuna qəbul olmaq arzusunda olan şəxslərə gələcək karyera planlaması istiqamətində yardım edir. Tutaq ki, dövlət qulluqçusu beşinci təsnifat üzrə böyük məsləhətçi vəzifəsində çalışır və cari vəziyyətdə hansı vəzifələrə təyin oluna biləcəyini öyrənmək istəyir. Bu məqsədlə o, sistemdə vəzifəsini və təsnifatını seçir, stajını qeyd edir və “Ok” düyməsini sıxır. Bu zaman sistem həmin şəxsə hansı dövlət orqanlarda hansı şərtlər daxilində hansı vəzifələri tuta biləcəyi siyahını təqdim edir. Yaxud da dövlət qulluğuna qəbul olmaq istəyən şəxs öyrənmək istəyir ki, məsələn, BB1 sertifikatını əldə etsə, hansı vəzifələrdə çalışa bilər. Bu məqsədlə o, sistemdə müvafiq sertifikatın növünü seçir. Bu zaman həmin sertifikatın əldə edilməsi üçün imtahan suallarının sayı və tələb olunan keçid balı barədə məlumat verilir. “Ok” düyməsini sıxdıqda isə sistem seçilmiş sertifikata uyğun vəzifələrin siyahısını istifadəçiyə göstərir. Nümunə üçün qeyd etdiyim misallar “Karyera bələdçisi” sisteminin çox faydalı olmasından xəbər verir. (APA.AZ)