
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat sabah başa çatır.
AzEdu.az xəbər verir ki, bu günə olan məlumata görə, indiyədək imtahanda iştirak etmək üçün 57 nəfər (AA – 3, AB - 7, AC - 47) qeydiyyatdan keçib. Fevralın 6-da başlayan qeydiyyat prosesi martın 13-ü saat 15:00-dək davam edəcək. Qeydiyyat bitdikdən sonra imtahanın yeri və vaxtı barədə məlumat veriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”ləri olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.