
AzEdu.az Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir:
Rubrikanın budəfəki qonağı Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika ixtisasının II kurs tələbəsi Rəşad Bəyişovdur.
Rəşad Bəyişovla “Atüstü söhbət”i təqdim edirik:
“Əksər tələbə dərslərini təqaüd ala bilmək üçün oxuyur”
-Rəşad, Tibb Universitetində bir günlük tələbə həyatını təsvir edərdin...
-Dərslərin səhər 08:30 başlaması, digər universitetlərdən fərqli olaraq birnövbəli sistem, tənəffüsün 30 dəqiqə, gündəlik dərslərin isə 2-3-4 dərs olması, Tibb Universitetində bir günlük tələbə həyatını xarakterizə edir.
-Həkim olmaq qərarında sənin, yoxsa ailənin payı daha çoxdur?
-Fikrimcə, təkcə ailənin istəyi ilə hər hansı peşəyə yiyələnmək tam olaraq mümkün deyil. Ailə ilə yanaşı, abituriyentin də istəyi vacib sayılmalıdır. Əgər bunlar bir-birini tamamlayarsa, məqsədə daha böyük uğurla çatmaq olar. Ailəmin yaratdığı şəraitdən düzgün istifadə edərək, istədiyim ixtisasa qəbul ola bilmişəm.
-Əksər tələbə ATU-da oxumağın çox çətin olduğu qənaətindədir, bəs sən?
-Bəli, demək olar ki, bu yanaşma doğrudur. ATU-ya daxil olmağın çətin olduğu kimi... Amma hər çətinliyin altında mütləq bir asanlıq dayanır, sadəcə, onu aradan qaldırmaq lazımdır. Gələcəkdə sizin əlinizlə şəfa tapan, hər hansısa tibbi kitabdan öyrəndiyiniz kiçik bir məlumatla səhhəti yaxşılaşan insanların olacağını düşünəndə bu çətinliyin öhdəsindən gəlmək olar. Hər tibb tələbəsi bu cür düşünməlidir.
-Səncə, bir tələbəni ən çox nələr maraqlandırır?
-Düzünü desək, əksər tələbəni ilk olaraq maraqlandıran, təqaüddür. Sanki, tələbələr dərslərini təqaüdə görə oxuyurlar. Təqaüd üçün yaxşı qiymət alanlar savadlı olmaz, çünki, buna görə oxuduğunuz bilikləri ancaq müəyyən qədər yadda saxlamaq mümkündür. Təqaüd almaq üçün yeni fənləri oxumaq lazım gəldikdə, əvvəlkiləri tamamilə yaddan çıxarıb, növbəti fənləri oxuyurlar. Belə hal başqa universitetlərdə və əzbərçilik tələb edən ixtisaslarda effektli ola bilər. Amma tibb sahəsində bu mümkün deyil. Ona görə də təqaüdə görə oxumağın qarşısını alıb, savadlı kadr kimi yetişmək üçün oxumağı təmin edə biləcək qaydalar yaratmaq lazımdır.
Təklif: “Əsas fənlərə üstünlük verilərək, lazımsız fənlərin saatları azaldılsın”
-Azərbaycan tələbəsinin əsas problemləri hansılardır?
- Ümumiyyətlə, daha çox təcrübə tələb edən sahələrdə praktik dərslər çox keçirilməlidir. Bizdə isə nəzəriyyəyə çox fikir verilir. Digər tələbə problem isə ixtisasa aid olmayan fənlərin keçirilməsidir. Bunların əvəzinə, ixtisas fənlərinə daha çox vaxt ayrılsa, daha səmərəli olar.
-Rəşad, sadəcə Azərbaycanda təhsil alaraq yaxşı həkim olmaq mümkündür?
-Savadlı kadr olmaq üçün məkanın çox az rolu var. Yəni “Azərbaycanda yaxşı həkim yoxdur” deyənlər yanılırlar. Fikrimcə, bu, tamamilə yanlış fikirdir. Ölkədə tibb sahəsində ən son texnologiyaların demək olar, əksəriyyəti var. Eyni zamanda, dərsləri tədris edən savadlı professor heyəti də yetərincədir. Sadəcə, xaricdə təhsil alanların daha güclü həkim olması fikrindən qurtulub, düşdüyümüz məkanda ən mükəmməli əldə etmək lazımdır. Yoxsa, “burda təhsil zəifdir” deyib, 6 ili yola verərək, xaricə belə bağlamaqla savadlı həkim olmaq olmaz. Amma həkimliyin bəzi sahələrində xaricdə təhsili davam etdirmək gərəklidir. Məsələn, beyin, ürək cərrahı, oftolmoloq, genetika və s.
“Tibbi ali təhsildə nəzəriyyə tədrisinin azaldılıb, təcrübəyə üstünlük verilməsi inkişafa səbəb ola bilər”
-Səncə, tibbi ali təhsildə nələrin əsaslı dəyişməsinə ehtiyac var?
-Bəzi ölkələri çıxmaq şərtilə demək olar ki, dünyada tibb sahəsində nəzəriyyəni ən geniş tədris edən universitetlərdən biri ATU-dur. Fikrimcə, bu tam da yaxşı hal deyil. Çünki təcrübəsiz nəzəriyyə bilməyin çox faydası yoxdur. Öncə nəzəriyyə azaldılıb, təcrübəyə daha çox üstünlük verilsə, yavaş-yavaş irəliləyişlər olacaq. Əvvəldə qeyd etdiyim kimi, təməl fənlərimizə daha çox üstünlük verilməli, lazımsız fənlərin saatları azaldılmalıdır. Dərslərin daha çox xəstəxanalarda keçirilməsinə üstünlük verilməlidir .
-Yeni qəbul olunan, amma hələ təsdiqlənməyən qanuna görə, kollec tələbələri ali məktəblərə imtahansız qəbul oluna biləcəklər. Tibb kollecinin tələbələrinin ATU-ya imtahansız qəbul olunmasına münasibətin necədir?
-Ümumiyyətlə, ATU-ya Biologiya, Kimya kimi əsas fənlərdən imtahan vermədən daxil olmaq doğru hal deyil. Orta təhsil alanlardan yaxşı tibb bacısı və yaxud yaxşı əczaçı olmaz fikirləri tamamilə yanaşdır. Elə orta təhsillilər var ki, ali təhsilli həkimlərdən savadlıdırlar. ATU-ya imtahansız qəbul olmaları qərarı isə heç inandırıcı gəlmir. Əgər qəbul olunsalar belə, tibb sahəsinin dərslər onlara ağır gələ bilər. Təbii ki, bunun öhdəsindən gələ bilənlər də olacaq.
“Mühazirədə məcburiyyətlə oturmağın tələbəyə heç bir xeyri yoxdur”
-Universitetlərimiz dünya təcrübəsindən yararlanaraq hansı yenilikləri özlərində tətbiq edə bilərlər?
- İmkan olarsa, hər tələbənin universitetdə şəxsi kompüteri ola bilər. Mühazirə dərslərinin məcburiyyətlə deyil, istək əsasında olması da müsbət nəticə verər. Tələbələrin yarısına mühazirələr yorucu gəlir. Məcburiyyətlə mühazirədə oturmağın tələbəyə heç bir xeyri yoxdur. Eyni zamanda, tələbələrin qiymətləndirilməsində dəyişikliklər edilsə, çox yaxşı olardı .
-ATU-da ən çox bəyəndiyin müəllim hansıdır?
-Hər universitetdə tələbələr tərəfindən sevilən və sevilməyən müəllimlər var. Hansısa müəllim qiymət yazmaqda ədalətsizliyə yol verdiyi və ya özünü tələbələrdən üstün tutduğu üçün sevilməyə bilər. ATU-da sevdiyim müəllimlər daha çoxdur. Kimini savadına, kimini tələbələri dərsdən əlavə, fəlsəfi cəhətdən dünyaya yönləndirməsinə, kimini isə adi mimikasına görə sevə bilirəm. Müəllim dərsdə nə qədər uzunçuluğa yol verməsə, motivasiya qatsa, yorğunluğu götürən, qısa , dərsdənkənar əhvalat danışsa, tələbə tərəfindən bir o qədər sevilər.
-Savadlı həkim.....(cümləni tamamla)
- Savadlı həkim, öz həyatından daha çox xəstə insanları, onların sağlamlığını fikirləşməlidir.
“Cəmiyyətin həkimlərə münasibəti məni məyus edir”
-Cəmiyyətimizin həkimlərə münasibəti səni narahat edir?
-Bu münasibət məni narahat etmir, məyusluq hissi yaradır. Çünki, onların qeyd etdikləri, bütün həkimlərə aid deyil və bu da insaflı həkimlərimizə mənfi təsir göstərir. Məncə insanlar həkimlərin 6-11 illik əziyyətlərini düzgün qiymətləndirmirlər. Bu mənfi fikirlər də burdan irəli gəlir.
-Səncə, abituriyentin qəbul imtahanında topladığı bal onun savad göstəricisi hesab oluna bilər?
-Qətiyyən, xeyr! Əgər abituriyent 500-dən yuxarı bal toplayıbsa, bu insan istədiyini əldə edə bilir, sadəcə, oxumayıb və 600-650 bal yığa bilməyib. Digər tərəfdən, savad təkcə 5 fənni bilib, testləri cavablandırmaq deyil. 400 bal toplayıb hər şeydən məlumatı olanların sayı kifayət qədərdir. Həmçinin, intellektual yarışlarda qalib olanlar arasında diplomsuz insanlar da var.
-Tibb Universitetinə hazırlaşan abituriyentlərə nələri tövsiyə edərdin?
-Universitetə qəbul olmaq üçün yox, savad əldə etmək üçün oxusunlar. Unutmasınlar ki, onları qarşıda böyük çətinliklər gözləyir. Bu çətinliklərlə yanaşı, onları çox maraqlı, ən gözəl tələbəlik həyatı, ən əsası da xalqının qulluğunda durmaq üçün həkimlik peşəsi gözləyir. Qrup fənlərini oxumaqdan əlavə, bir xarici dil öyrənməyə çalışsınlar. Hər abituriyentə, gələcəyin həkimlərinə uğurlar arzu edirəm.
-Rəşad, son olaraq tibb tələbəsinin özünəməxsus xüsusiyyətlərini say...
- Gecələrini gündüzə qatan, II-III kursa kimi qrupla şəkilləri olmayan, gün ərzində 2 dəfə yemək yeməyə güclə vaxt çatdıran, əlində dönər, o klinikadan, bu klinikaya qaçan, əksər eynəklilərə və o ağ xalatlılara tibb tələbəsi deyilir.