
“İbtidai siniflərdə summativlərin yüngülləşdirilməsi istiqamətində dəyişiklər müsbət addımdır. Amma ümumilikdə qiymətləmdirmə ilə bağlı daha əsaslı islahatların keçirilməsini zəruri hesab edirəm”.
Bu sözləri AzEdu.az-a təhsil məsələləri üzrə mütəxəssis Elnur Hacıyev deyib. O summativ qiymətləndirmələrə edilən dəyişikliklərdən sonra hələ də qalan natamamlıqlar barədə danışarkən deyib ki, islahatlar təfəkkürün inkişafına xidmət etməlidir:
“Bu tip dəyişiklərin təhsilə ciddi müsbət nəticələr verəcəyini düşünmürəm”
“Dəyişiklərdən biri əsasən ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlər üçün summativ qiymətləndirmənin tədris ili ərzində sayının azaldılmasıdır. Ümumilikdə bu dəyişikliyi müsbət addım hesab etmək olar. Kiçik yaşlı uşaqların davamlı olaraq qiymətləndirilməsi dünyanın yüksək təhsil sisteminə sahib inkişaf etmiş ölkələrində də müsbət qəbul olunmur. Amma bu tip dəyişiklərin təhsilə ciddi müsbət nəticələr verəcəyini düşünmürəm”.
“Daha əsaslı islahatların keçirilməsini zəruri hesab edirəm”
Ekspert fikirlərini Azərbaycanda qiymətləndirmənin demək olar ki, sırf nəzəriyyə üzərində qurulması ilə əsaslandırıb:
“Biliklər üzərində bacarıqların formalaşmasından isə sadəcə, danışırıq. Bu barədə dəyişiklik günün tələbidir. Məktəbdaxili qiymətləndirmədə bacarıqların qiymətləndirilməsi ilə bağlı əsaslı işlər görülməlidir. Summativ qiymətləndirmə üzrə test tapşırıqları tərtib edilərkən təfəkkürün inkişafı, bacarıqların yoxlanılması nə dərəcədə təmin edə bilir? Bu barədə təhsilverənlərə sualların tərtibi ilə bağlı metodik köməklik olunmalı, qiymətləndirmə standartları müəyyən olunarkən dövrün və zamanın tələbləri nəzərə alınmalıdır”.
Ekspert ibtidai siniflərdə summativlərin yüngülləşdirilməsi istiqamətində dəyişiklikləri müsbət hesab etsə də, başqa islahatlara da ehtiyac gördüyünü bildirib:
“Ümumilikdə qiymətləmdirmə ilə bağlı daha əsaslı islahatların keçirilməsini zəruri hesab edirəm. İslahatlarda bacarıqların yoxlanılması və təfəkkürün inkişafı istiqamətində işlər diqqət mərkəzində saxlanılmalıdır”.