
“Səhv eləmirəmsə, təxminən, 2 il əvvəl “Təhsil, elm, innovasiya modelinin Azərbaycanın dayanıqlı inkişafında rolu” adlı məqaləmdə bir məsələyə toxunmuşdum: Əgər təhsil var, elm yoxdursa, ya da elm var və o texnologiyaya innovasiyaya çevrilmirsə, bu, nə dərəcədə doğrudur?”
Bunu AzEdu.az-a müsahibəsi zamanı Azərbaycan Texniki Universitetinin prorektoru Sübhan Namazov deyib.
Texnika elmləri doktoru, professor Sübhan Namazovun AzEdu.az-a geniş müsahibəsində ali və ali texniki təhsil, ümumən, Azərbaycan təhsilinin hazırki durumu, intellekt və şagird, intellekt və tələbə məsələləri, problem və perspektivlərdən geniş bəhs edilib.
Professor Sübhan Namazov söhbət zamanı xarici universitetlərin təcrübəsi və onların praktiki tətbiqi barəsində maraqlı təkliflər irəli sürüb.
Alimin toxunduğu məsələlərdən biri də bizdə metallurgiya istiqamətində hər hansı elmi-tədqiqat müəssisəsinin olmamasıdır:
“Təhsil elm və innovasiya üçbucağı paralel işləməlidir. Çox istərdim, AMEA-nın tərkibində texniki istiqamətli bir qurum yaradılsın.Məsələn, Gürcüstanda Metallurgiya İnstitutu yaradıldı. Azərbaycanda başqa ölkələrdə olmayan böyük metal resursları var, buna baxmayaraq, bizdə bu institut yaradılmadı.
Bu gün Azərbaycanda böyük metallurgiya kombinatları var, yeniləri yaradılır.
Məhz onlara bizim universitetimizi bitirmiş mütəxəssislər rəhbərlik edir. Məhz buna görə də akademiyanın tərkibində texnologiya ilə bağlı sahə olmalıdır ki, bu üzrə innovasiyalarda yaradılsın. Bu problemi nə qədər tez həll etsək, bir qədər də tez nəticə əldə etmiş olarıq”.
Xatırladaq ki, Sübhan Namazov 1971-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Texniki Universitetini “fərqlənmə” diplomu ilə bitirdikdən sonra AzTU-da aspirantura təhsili alaraq Almaniyanın Aaxen Texniki Universitetində (RWTH Aachen) dinləyici-tədqiqatçı olub.
2007-ci ildən texnika elmləri doktoru, 2010-cu ildən isə professor olan Sübhan Namazov ümumilikdə 170 elmi əsərin, o cümlədən xaricdə dərc olunmuş 45 elmi əsərin, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan 25 məqalənin, 2 müəlliflik şəhadətnaməsinin və 1 patentin müəllifidir.
Professor Sübhan Namazov 2001-2002-ci illərdə Almaniyanın Axen Texniki Universitetində, 2013-cü ildə Almaniyanın Rostok Universitetində, elə həmin il Polşanın Varşava Politexnik İnstitutunda və Almaniyanın Köln Tətbiqi Elmlər Akademiyasında elmi ezamiyyətlərdə olub.
Sübhan Namazov 2013-2015-ci illərdə AzTU-da Almaniyanın Köln, Avstriyanın Qraç və Polşanın Varşava Politexnik Universitetləri ilə birgə yerinə yetirilən TEMPUS layihəsi çərçivəsində “Qiymətləndirmə və keyfiyyət menecmenti” üzrə mərkəzin rəhbəri olub.
Hazırki təyinatına qədər AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri vəzifəsində çalışan Sübhan Namazov rus, ingilis və alman dillərini mükəmməl bilir.
Qeyd: Prorektorla müsahibənin tam variantı tezliklə AzEdu.az saytında yayımlanacaq.