
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “EcoART” layihəsinin qalibi olublar. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, mərkəzin tələbələri Azər Həsənov və Cəfərqulu Xudumov “Ən yaxşı ideya müəllifi”, İlkin İsgəndərov isə “Ən yaxşı əl işi müəllifi” nominasiyası üzrə birinci yeri tutublar, komanda şəklində yarışlarda I və II yerlərə layiq görülüblər.
Qaliblər qızıl medal və kubokla təltif olunublar.
Qeyd edək ki, “EcoART” layihəsi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə XI qrant müsabiqəsi çərçivəsində keçirilib. Dörd gün davam edən layihədə Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının tələbələri iştirak ediblər.
Layihənin əsas məqsədi tullantıların törətdiyi fəsadlara cəmiyyətin diqqətini cəlb etmək, ekoloji incəsənətlə bağlı gəncləri maarifləndirmək, plastik və kağız tullantılardan istifadə etməyin mümkün yollarını gənclərə aşılamaq və oriqami incəsənətini gənclər arasında təbliğ etməkdir.