
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Aİİ-dən AzEdu.az-a verilən məlumata görə, konfransı giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu bildirib. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm vasitədir.
Rektor vurğulayıb ki, 30 sentyabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm hadisə olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Aİİ-nin ardıcıl maarifləndirici tədbirlərə əhəmiyyət verdiyini qeyd edən rektor seminarların, konfransların, “dəyirmi masalar”ın tələbələrdə elmə, təhsilə marağın artması və intellektual səviyyələrinin yüksəlməsi məqsədini daşıdığını nəzərə çatdırıb.