
Bakı Dövlət Universitetinin (BDU) ingilis dili kafedrasının müdiri, professor Abbas Abbasovun (Abbas Qurbanoğlu) “İngiliscə–rusca və azərbaycanca aforizmlər” kitabı Londonda nəşr olunub. AzEdu.az xəbər verir ki, kitab hər üç dilin materialları əsasında hazırlanıb. Nəşrdə ingilis dilində atalar sözləri, deyimlər, məsəllər, frazeoloji vahidlərin rus və Azərbaycan dillərində düzgün adekvatı, çoxsaylı sinonim variantları da verilib. Toplu elə tərtib olunub ki, bundan istifadə edən mütəxəssis, yaxud adi oxucu istədiyi bir deyimi öz yerində asanlıqla tapıb ondan yararlana bilər.
Qeyd edək ki, alimin kitabları Azərbaycanla yanaşı, ABŞ-da və Rusiyada çapdan çıxıb. Müəllifin gərgin elmi fəaliyyəti nəticəsində onun bir neçə dərsliyi, dərs vəsaiti, monoqrafiyası və müxtəlif sahə terminləri lüğətləri də nəşr olunub.