
Azərbaycan Dillər Universitetində (ADU) Bakı Dövlət Universitetinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin ssenari müəllifi, rejissoru və prodüseri olduğu “Cəzasız cinayət” sənədli filminin nümayişi olub. ADU-dan AzEdu.az-a verilən məlumata görə, faktlara əsaslanan sənədli filimdə Xocalı soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri terror, kütləvi qırğın və soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi təqdim edilir. Filmdə bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzalandırılmaması, beynəlxalq qurumların, eləcə də BMT–nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının hələ də Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır.
Universitetin tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova, İtalyan Mərkəzinin müdiri Nərgiz Cəfərova qeyd ediblər ki, Xocalı soyqırımı 200 ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub.
“Cəzasız cinayət” sənədli ekran əsərinin nümayişindən sonra Leyla Rəşid tədbirin təşkilatçılarına təşəkkür edib. Bildirib ki, filmi çəkməkdə və nümayiş etdirməkdə məqsəd xalqımızın tarixində olan bu qanlı hadisəni unutdurmamaq və gənc nəslə çatdırmaqdır. Filmdə yer alan bütün informasiyalar fakt və mənbələrə, Xocalı soyqırımının canlı şahidlərinə, hadisəni öz gözləri ilə görüb qələmə alan jurnalistlərin müsahibələrinə, həmçinin alimlərin, araşdırmaçıların fikirlərinə əsaslanır. Müəllif çıxışının sonunda bu filmin dünyanın aparıcı dillərinə tərcümə olunaraq beynəlxalq birliyə çatdırılmasının əhəmiyyətlı olacağını qeyd edib.