
AzEdu.az təhsil portalının bir yaşının tamam olması barədə xəbəri bu gün sosial şəbəkələrdən oxuyanda düzü, təəccübləndim. Bir ilin belə tez gəlib keçdiyinə inamağım gəlmədi. Elə bu portal yarananda da, inanmamışdım yeni nə isə deyə biləcəyinə, buna cəhd edəcəyinə. Çünki bizdə əksər elektron informasiya vasitələri bir-birlərini təkrarlamaqla, xəbərlərini olduğu kimi, nöqtə-vergülünə dəymədən verməklə məşğuldur. Medianın, həmçinin onun bir qolu sayılan elektron medianın bu gün də kriminal xəbərlər hesabına oxucu əldə etmək cəhdi, yoxlanmamış məlumatları dərc edərək sensasiya naminə xal qazanması narahat edici faktdır. Çalışdığım universitetin timsalında dəfələrlə belə hallarla üzləşdiyimizdən bu məsələni xatırlamağı lazım bildim.
Ölkəmizdə elektron medianın, portalların sayı, çeşidi kifayət qədər olduğu bir vaxtda təhsil portallarının azlığı olduqca vacib məsələdir. Cəmiyyətin inkişafı təhsildən keçirsə, deməli, təhsilimizdə baş verənlərin əks olunduğu media orqanı da lazımdır. Məktəbli, yeniyetmə özünün maraq dairəsini əks etdirən dövri nəşr, elektron portal tapa bilməyəndə əyləncəli saytlara üz tutur.
Söhbətə belə uzaqdan başlamağım təsadüfi deyil. Necə ki, ötən əsrin əvvəlində Mirzə Cəlil yana-yana deyirdi ki, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”, yaşadığımız dövrdə -XXI əsrin II onilliyinin sonunda da AzEdu.az da ictimai tələbatdan, təhsil portalına olan ehtiyacdan, cəmiyyətin sifarişindən yarandı. Çox yaxşı ki, bu portal az müddət ərzində özünü doğrulda bildi. Hər şeydən əvvəl, portalda informatik materiiallardan əlavə, araşdırma yazılara üstünlük verildi və bunun hesabına belə yazılara təşnə olan oxucu kütləsi yığa bildi.İkinci, peşəkar, öz işinə dəyər verən komanda formalaşıb. Elə bir komanda ki, hər hansı bir yazıda tarazlığı qorumağa, hər iki tərəfin mövqeyini dərc etməyə cəhd edir. Şəxsən mən portal fəaliyyətə başladığı gündən bu media qurumu ilə əməkdaşlıq edirəm.
Bayram, yubiley günündə adətən xoş sözlərə üstünlük veririk. Amma bir jurnalist kimi bir neçə təklifimi də bildirmək istəyirəm. Həmkarlarıma tövsiyəm budur ki, operativliyinizi hər zaman saxlayın. Təhsillə bağlı ilk, düzgün informasiyanı sizdən alaq. Təhsil eksperti instutunu formalaşdırmaq, təhsil mövzusunda yazan müəlliflərin sayını artırmaq üçün seminarlar təşkil edilməsi yaxşı olardı. Bölgələrdən vaxtaşırı xəbərlər verin, rayonlarda sözçülərinizi hazırlayın. Həmçinin dünya miqyasında təhsillə bağlı maraqlı olan yenilkləri paylaşın, rubrikaların sayını artırın. Bilirəm ki, zaman-zaman bu məsələlər həllini tapacaq, təhsil portalına maliyyə yardımları ayrılacaq, komadanız böyüyəcək. Elə əhatə , mövzu dairəniz də.
Bir yaşınız münasibəti ilə hamınızı – baş direktor Elşad Eyvazlı olmaqla komadanızın bütün üzvlərini təmsil etdiyim Lənkəran Dövlət Uniuversitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, universitetin professor-müəllim-tələbə heyəti və öz adımdan ürəkdən təbrik edirəm. Yaşınız uğurlarınızla tən artsın! Elə ardıcıllarınız da! Çətin, məsuliyyətli, şərəfli işində hamınıza uğurlar!
Qeyd edim ki, biz AzEdu.azı oxuyur, dəstəkləyir, güvənir və daha oxunaqlı olmasını arzulayırıq!
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin
mətbuat xidmətinin rəhbəri