Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 17:00:00
Bakı Dövlət Universitetində “100 innovativ tələbə” layihəsinə başlanılıb  

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə bağlı tədbirlər planına əsasən “100 innovativ tələbə” layihəsinə başlanılıb.

BDU-dan AzEdu.az-a bildiriblər ki, layihənin məqsədi tələbələrdə innovasiyalara əsaslanan sahibkarlığın motivasiya edilməsidir. Bu məqsədlə jurnalistika fakültəsinin tədris-teleradio studiyasında universitetin bütün fakültələrindən seçilən istedadlı tələbələrin iştirakı ilə “İdeyadan biznesə” adlı təlim sessiyası keçirilir.

İlk təlimi giriş sözü ilə layihənin rəhbəri, beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərova açaraq BDU-nun 100 illiyinə həsr olunmuş tədbirlər planından və layihənin əsas məqsədindən danışıb.

Təlimdə ideyanın startapa çevrilməsi, biznes mühiti, aktual sahələr, elmin biznesə inteqrasiyası, innovativ biznesin yaradılmasında Qərb təcrübəsi, müştəriyə uyğun məhsulların yaradılması, müasir modellər əsasında bazarın həcminin müəyyən edilməsi haqqında geniş məlumat verilib.

Təlimin davamı olaraq növbəti sessiyaya hazırlaşmaq üçün tələbələrə qrup şəklində tapşırıqlar verilib.

Qeyd edək ki, layihə çərçivəsində innovativ sahibkarlıq tədris proqramının hazırlanması, eyni zamanda, bu sahədə fəaliyyət göstərən insanlara ustad dərslərinin keçirilməsi, BDU-nun tədris-teleradio studiyasında müsahibələrin təşkili də nəzərdə tutulur.