
Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda “Elm günü” kimi təsis olunub.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzEdu.az-a bildirilib ki, bununla əlaqədar martın 27-də ölkəmizdə ilk dəfə “Elm günü” qeyd olunacaq.
Martın 11-dən 17-dək akademiyanın əsas binasında AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) tərəfindən “Elm həftəsi” keçiriləcək.
Tədbir çərçivəsində AMEA-nın elmi bölmələri tərəfindən hər gün konfransların təşkili, bölmələrə daxil olan institutların alim və tədqiqatçıları tərəfindən prioritet mövzulara həsr edilmiş təqdimatların nümayişi nəzərdə tutulur.
Həmçinin AMEA-nın institut və təşkilatlarının elmi yeniliklərini, tədqiqat, ixtira və innovasiyalı layihələrin nəticələrini əks etdirən stendlərdən ibarət sərgi nümayiş olunacaq.
“Elm həftə”sinin sonuncu günündə isə YT Park tərəfindən keçirilmiş “Ən yaxşı innovasiyalı ideya”, “Ən yaxşı innovasiyalı layihə” və “Ən yaxşı innovasiya məhsulu” üzrə müsabiqənin nəticələri ictimaiyyətə elan olunacaq və qaliblər mükafatlandırılacaq.