
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-dan AzEdu.az-a verilən məlumata görə, iclasda bu ali məktəbin rektoru, professor Cəfər Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə xüsusi önəm verdiyini vurğulayıb, bu sahə ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.
Rektor qeyd edib ki, iclasın gündəliyinə “ADPU-da payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrində qarşıda duran vəzifələr haqqında hesabat” və cari məsələlər daxildir.
Payız semestrinin imtahan sessiyasında şəffaflığın və obyektivliyin tam təmin olunduğunu deyən Cəfər Cəfərov bildirib ki, ADPU dünyanın aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir. Əsas vəzifələrdən biri təhsilin beynəlmiləlləşdirilməsi, tədris planlarının beynəlxalq standartlara uyğunlaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsidir.
İclasda tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov “ADPU-da payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrində qarşıda duran vəzifələr haqqında hesabat” məruzəsi ilə çıxış edib.
Məruzədə universitetdə və ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində payız semestrinin imtahan sessiyasının nəticələri barədə məlumat verilib.
İmtahan qərargahının rəhbəri, dosent Asif Axundov, Apellyasiya Komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov imtahan sessiyası müddətində daxil olmuş müraciətlərin məzmun və mahiyyəti, onların araşdırılması və görülən tədbirlər barədə danışıblar.
İclasda elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə və digər çıxış edənlər təhsilin inkişafı ilə bağlı fikirlərini bildirib, təkliflər irəli sürüblər.
Sonra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.