
AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva I sinfə şagird qəbulu ilə bağlı vətəndaşların suallarını cavablayıb.
O, “digər dillərdə tədris alacaq şagirdlərin müəllimi seçmək imkanı varmı?” sualına cavab olaraq bildirib ki, əvvəlki illərdə olduğu kimi bu il də vətəndaşın müəllim seçmək hüququ təmin olunur:
“Sadəcə,digər dillərdə təhsil almaq istəyən uşaqlar öncə yoxlamadan keçməlidirlər. Rayon Təhsil Şöbələrində onların şifahi nitq bacarıqları yoxlandıqdan sonra məktəb və müəllimi rahatlıqla seçə bilərlər”.
Qeyd edək ki, məktəbəhazırlıq qrupunda təhsil almış şagird avtomatik həmin məktəb və müəllimin qrupuna yerləşdirilir. Başqa məktəb istədikdə isə digər orta təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Məktəbəhazırlıq qrupunda təhsil almamış şagirdlər üçün elektron qeydiyyat martın 13-də, məktəbəhazırlıq qruplarında oxumuşlar üçün isə martın 11-dən başlanacaq. Həmin uşaqlar üçün martın 11-dən avtomatik elektron sorğu yaradılması təmin ediləcək.