
Daha bir fənn aylığına yekun vuruldu
Abşeron rayonunun ümumtəhsil məktəblərində təhsilin keyfiyyətini yüksəltməyə hədəflənmiş müxtəlif səpkili tədbilər keçirilir. Bu baxımdan rayon üzrə fevral ayı üçün nəzərdə tutulmuş “Azərbaycan dili və ədəbiyyatı, musiqi fənn aylığı”nı xüsusi qeyd etmək olar. Aylığın planına əsasən belə tədbirlərdən biri də rayonun Masazır qəsəbə 4 nömrəli tam orta məktəbinin bayramsayağı bəzədilmiş akt zalında baş tutdu.
...Birdən - birə zala qəribə bir sakitlik çökdü və bu sükutu məlahətli səslə deyilən misralar pozdu. Hardan deyildiyi bilinməyən ecazkar səs pillə-pillə ucalıb hamını öz sehrinə salaraq zalda qeyri-adi, poetik bir aura yaratmaqla sona çatdı. Bir anlıq sükutdan sonra salonu sürəkli alqış səsləri bürüdü. Bu məlahətli, qəlb oxşayan səs RTŞ metodkabinetinin direktoru, Nəriman Həsənzadə poeziyasının vurğunu olan pedaqogika üzrə fəlsəfə doktoru Elmira İsmayılovaya məxsus idi. Şairin “Mənə elə gəlir ki...” şeiri ilə açılan tədbirin gözlənilməz başlanğıcı bütün iştirakçılara lirik və xoş bir ovqat bəxş etdi. Səhnədə yer alan aparıcı baharın ilk günündə hamını salamlayıb onları gözəl və maraqlı anların gözlədiyini xəbər verdi. Bildirdi ki, “Söz işığında” adlı tədbiri xoş ovqata kökləyən şeirin müəllifi Xalq şairi, görkəmli dramaturq, AYB-nin Ağsaqqallar Şurasının sədri, Əməkdar incəsənət xadimi, Heydər Əliyev mükafatı laureatı, “Şərəf” ordenli Nəriman Həsənzadə qonağımızdır. O, digər qonaqları da təqdim etdikdən sonra məktəbin direktoru Roza Məmmədova tədbirə təşrif gətirənlərə “xoş gəldin” etdi, dəvətlərini qəbul etdiklərinə görə onlara minnətdarlığını bildirdi.
Çıxış üçün ilk söz alan yazıçı-jurnalist Elçin Məmmədov Nəriman Həsənzadə ilə 34 illik dostluğundan, onu özünə mənəvi ata kimi gördüyündən, şairin sadə, təvazökar insan olmasından, onun insanlara sonsuz sevgisindən söz açdı: “ Nəriman Həsənzadə başdan-ayağa, bütün varlığı ilə şairdir, söz adamıdır. Mən onu dəvət edərkən onun şeirlərini dinləmək əvəzinə, məktəbdə Nəsiminin şeirlərini səsləndirən şagirdlərin ifasına qulaq asmağın daha maraqlı, daha gözəl olduğunu dedi. Onun şəxsiyyətini ucaldan da məhz bu sadəliyi, təvazökarlığı, həyata, insanlara sonsuz sevgisidir”.
E.Məmmədov çıxışını Nəriman Həsənzadənin şeirini ifa etməklə başa vuraraq, tədbirin təşkilinə görə təhsil şöbəsinin müdiri Nazilə Məmmədovaya, RTŞ metodkabinetinin direktoru Elmira İsmayılovaya, metodist Səkinə Abbasovaya, məktəbin direktoru Roza Məmmədovaya, ümumilikdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Aparıcı görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinə, tarixinə və ədəbiyyatına daim diqqət və qayğı ilə yanaşdığını qeyd edərək, bu gün onun irsinin layiqli davamçısı Prezident İlham Əliyevin də incəsənət xadimlərinə xüsusi ehtiramla yanaşdığnı və məhz bu səbəbdən 2019-cu ili “Nəsimi ili” elan edildiyini vurğuladı.
Sonra təhsil şöbəsinin fevral ayı ərzində görülən işlərinin hesabatını əks etdirən slayd nümayiş etdirildi. 11-ci sinif şagirdi Qəribxanın ifasında səslənən Nəsiminin məşhur “Ağrımaz” qəzəli alqışlarla qarşılandı. Aparıcı Nəriman Həsənzadənin həyat və yaradıcılıq yolu barədə geniş məlumat verdi. Sonra hər zaman tələbələrə və gəncliyə yüksək dəyər verən Nəriman müəllimin öz tələbəlik illərinə həsr etdiyi “Tələbəlik” şeiri şairin öz dilindən səsləndirildi.
Şairin ürəkləri riqqətə gətirən “Ana” şeiri 7-ci sinif şagirdləri Elmira və Nərminin ifasında alqışlarla qarşılandı. Sonra söz musiqiyə verildi. Şairin sözlərinə bəstələnmiş “Nərdivan” mahnısı Teymur Əmrahın ifasında məclisə xoş əhval bəxş etdi. 7-ci sinif şagirdləri Aysu və Nərmin şairin “Mən tanrı şairiyəm” şeirini səsləndirdilər. Sevda müəllimin çıxışından sonra 2-ci sinif şagirdlərinin təqdim etdiyi “Uzundərə” rəqsi də maraqla qarşılandı. Şagirdlərin ifasında hörmətli qonağın “Cəbhə bayatıları” təqdim edildkdən sonra aparıcı sözü canlı korifeyin özünə verdi. Dəvətə görə təşəkkür edən qonaqla şagirdlər arasında baş tutan sual-cavabdan ibarət dialoq zalda əsil canlanma yaratdı. Məktəblilərdən Aysu, Osman, Günay və başqaları şairə ünvanladığı ən gözlənilməz suallara maraqlı cavablar aldılar.
“Göyərçin” jurnalının baş redaktoru, şair, tənqidçi Rafiq Yusifoğlu çıxışında qeyd etdi ki, Nəriman Həsənzadənin bu bilik məbədinə gəlişi məhz müəllimlərə olan böyük ehtiramdan qaynaqlanır.
ADNSU-nun dosenti, şair Həsən Hacısoy, “Dünya” TV nin əməkdaşı Nizami Rəsulov və b. isə çıxışlarında tədbirin onlarda yaratdığı zəngin təəssüratdan söz açdılar, məktəblilərə öz doğma dilimizi sevməyi tövsiyə etdilər.
Aparıcı “Ana dilim əvəzolunmaz sərvətimdir “ mövzusunda inşa müsabiqəsinin keçirildiyini xatırladaraq həmin yarışmanın rayon turunda 4 şagirdin fərqlənərək təltif olunduğunu qeyd etdi və şagirdləri mükafatlandırmaq, həm də çıxış etmək üçün Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədovanı səhnəyə dəvət etdi.
İştirakçıları salamlayan N. Məmmədova Nəriman Həsənzadənin görüşü ilə növbəti fənn aylığına yekun vurulduğunu dilə gətirdi və təltif olunan şagirdlərə mükafatları da şairlə birlikdə təqdim etdi. Nəriman zirvəsindən söz açan şöbə müdiri onu məhəbbət şairi adlandırdı: “Onun düşündürən, sevgi, dözüm təlqin edən şeirləri bütöv bir nəslin formalaşmasında öz sözünü deyib. Həyatda daim itkilərlə üzləşən, heç bir zaman nikbinliyindən qalmayan “Şərəf” ordenli xalq şairi Nəriman Həsənzadənin şeirləri insanları ən ali keyfiyyətlərə yiyələnməyə, onları dəyərləndirməyə, qorumağa səsləyir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Çıxışının sonunda dövlət başçısının 2019-cu ili “Nəsimi ili” elan etməsinin ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcəyini, yeni - yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracağını deyən N. Məmmədova Nəsimi yaradıcılığının mübarizliyinin gəncliyin tərbiyəsində mühüm rol oynadığını, şairin şəxsiyyətinin gənc nəslə örnək olduğunu dilə gətirdi.
Hər bir iştirakçıda xoş və zəngin təəssürat yaradan “Söz işığında” adlı ədəbi-bədii gecə Nəriman Həsənzadənin “Azərbaycan” şeirinin səsləndirilməsi ilə sona çatdı. (Azərbaycan Müəllimi)