Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-08 21:35:00
Naxçıvanda “Elm aylığı” çərçivəsində  seminar

Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” çərçivəsində keçiriləcək silsilə tədbirlər ali təhsil müəssisələrində təhsil alanların elmi-tədqiqat fəaliyyətinin müasir tələblər baxımından təşkilinin, onların innovasiya fəaliyyətinə cəlb olunması yollarının araşdırılması, gələcək mütəxəssislərin düzgün istiqamətləndirilməsi məqsədi daşıyır. AzEdu.az xəbər verir ki, bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” çərçivəsində “Tələbələrin elmi-tədqiqat fəaliyyətlərinin təşkilinin aktual problemləri” mövzusunda keçirilən seminar-müşavirədə səsləndirilib.

 

Tədbirdə İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev çıxış edərək “Elm aylığı”nın mahiyyəti, məqsədi və vəzifələri haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, cari tədris ilində İnstitutda elmi-tədqiqat fəaliyyəti sistemli və plana uyğun aparılır. Bu il ali təhsil ocağında magistratura və doktorantura üzrə ayrıca bölmənin yaradılması, 2019-cu il üçün yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığının diqqətdə saxlanılması, doktoranturaya qəbulun müsabiqə əsasında keçirilməsi, habelə altı əməkdaşın dissertasiya işlərini uğurla müdafiə etməsi, alimlərin məqalələrinin nüfuzlu beynəlxalq jurnallarda çap olunması və digər sahələrdə görülmüş işlər xüsusi qeyd olunub. Hazırda institutun əsas hədəflərindən biri bu təhsil müəssisəsini tədqiqat universitetinə çevirməkdən ibarətdir.

 

Sonra Naxçıvan Müəllimlər İnstitutunun tədqiqatçı müəllimlərinin və Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan təcrübəli tələbələrin məruzə və məlumatları dinlənilib. Bölmə iclaslarında “dəyirmi masa” ətrafında elmi rəhbərlərlə tədqiqatçı tələbələrin əməli görüşləri keçirilib, fərdi məsləhət saatları təşkil edilib.

 

Sonda bölmə rəhbərləri işlərinin yekunlarına dair hesabat veriblər, qarşıda duran vəzifələr müəyyənləşdirilib.