Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-10 16:00:00
Muzeyə bircə dəfə də  getməyən, sərgi  bilməyən  tələbələr - SORĞU

 

İnsanların virtual aləmdə daha çox vaxt keçirdikləri bir dövrdə muzey və sərgilərə maraq demək olar ki, yoxdur.

Bəs gənclərin, xüsusən də tələbələrin  belə məkanlara münasibəti necədir?

AzEdu.az mövzu ilə bağlı tələbələr arasında sorğu keçirib:

 Azərbaycan Neft və Sənaye Universitetinin III kurs tələbəsi Tural Nurməmmədov sonuncu dəfə təhsil sərgisində olub, muzeyə isə nə vaxt getdiyini xatırlamır:

“Düzünü desəm, axırıncı dəfə muzeyə nə vaxt getdiyimi xatırlamıram, sərgiyə gəldikdə isə, “Baku Expo Center”də “Təhsil və Karyera” sərgisində olmuşam. Burda bir-birindən maraqlı məlumatlar aldım. Təhsildən başqa sərgilər də var idi. Mən əsasən, universitetlərin təhsil şərtləri ilə maraqlandım. Açığını desəm, şərtlər çox ağır idi”. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin II kurs tələbəsi Qurbanova Ayşən orta məktəbdən bu yana, nə muzey, nə də sərgidə olmayıb:

“Orta məktəbdə oxuduğum vaxt muzeylərə çox gedirdim Axırıncı dəfə Səməd Vurğunun Ev-muzeyində olmuşam. Universitetdə oxuduğum dövrdə isə nə muzey, nə də sərgilərə getməmişəm”.

Bakı Dövlət Universiteti Fizika fakültəsinin II kurs tələbəsi Şahbazlı İslam sonuncu dəfə Səttar Bəhlulzadənin Ev- muzeyində və “Xalça” sərgisində olub:

“Muzey və sərgidə sonuncu dəfə keçən il oldum.  Ötən ilin yazında “Xalça” sərgisində, yayında isə Səttar Bəhlulzadənin Ev- muzeyində oldum.  Hər ikisi çox maraqlı idi.  Muzeydəki əşyalar da qədimliyi ilə diqqəti çəkirdi. Sərgidə xalçalar, onların üzərindəki əl işləri gözoxşayıcı idi. 

Muzeylərə orta məktəbdə oxuyanda daha çox gedirdim. Quba, Şəki və s. kimi rayonlara ekskursiyalar edirdik”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin II kurs tələbəsi Səfərli Fuad da 11-ci sinifdən  bəri, muzey və sərgiyə getməyib:

 “Muzeylərə daha çox orta məktəbdə oxuduğum vaxtda getmişəm. Sonuncu dəfə Azərbaycan Tarix Muzeyində olmuşam. Oradakı kitablar, bədii incəsənət nümunələri çox maraqlı idi.

Hazırda ikinci kursda oxuyuram, birinci kursda daha çox könüllülüklə bağlı tədbirlərdə olmuşam, indi də ikinci növbə oxuduğum üçün açığı, dərsdən sonra harasa getməyə imkan olmur. III kursdan yenidən muzeylərə getməyi planlaşdırıram”.

Azərbaycan Dövlət İqtisad Universiteti Biznes və Menecment fakültəsinin  III kurs tələbəsi Elvin Əhmədov H.Z.Tağıyevin Ev-muzeyi, Tarix Muzeyi, “Sovet maşınlarının sərgisi”nin nümayiş olunduğu məkanlarda  olmaqla yanaşı, başqalarına da belə yerlərə getməyi məsləhət görür.

“Sonuncu dəfə Konqres Mərkəzində “Sovet maşınlarının sərgisi”ndə oldum. Orda maşınlardan, onların tarixindən və s. danışdırdılar. 

Hacı Zeynalabdin Tağıyevin Ev- muzeyində də olmuşam. Orda H.Z.Tağıyevlə bağlı əşyalar, qonaq və yataq otağı mebelləri, çarpayı, stollar, xalça və s. nümayiş etdirilir.

Bir də onunla eyni binada yerləşən Tarix Muzeyində oldum. Burda da tarixlə bağlı çoxlu  maraqlı əşyalar var idi. Daha sonra  İçərişəhərdə qədimi pulların sərgiləndiyi yer var ki, ora həm də muzey kimi fəaliyyət göstərir. Burda Azərbaycanda kəsilmiş kağız və sikkə pullar sərgilənir. Çox maraqlı məkanlardır. Məncə, belə yerlərə getmək daha yaxşıdır”.