
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Elm günü” ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun şöbə müdiri, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev filologiya fakültəsinin professor və müəllimləri, tələbələri üçün “Açıq kitabi-Dədə Qorqud” mövzusunda ustad dərsi keçib.
ADPU-dan AzEdu.az-a verilən məlumata görə, tədbirdə universitetin filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova ədəbiyyatşünas alim Kamran Əliyevin elmi fəaliyyətindən danışıb, onun 20 kitabın, o cümlədən 12 monoqrafiya, 300-ə yaxın elmi məqalənin müəllifi olduğunu qeyd edib.
Professor Kamran Əliyev 1300 illik tarixi olan “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi üzrə 10 ildən artıq iş aparmasından, onu şifahi mətn kimi sübut etməyə çalışmasından söhbət açıb. O, dastanın ayrı-ayrı boylarından, dastanda işlədilən ifadələrdən elmi-nəzəri açıqlamalar verib, dastanın tarixinə dair bir sıra gizli məqamlara aydınlıq gətirib.
Professor Kamran Əliyevin eposun dili və onun lüğət tərkibi haqqında söylədiyi elmi-nəzəri fikirlər də böyük maraq doğurub.
Tədbirdə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov professor Kamran Əliyevin elmi yaradıcılığının əhəmiyyətindən danışıb. Bildirilib ki, müasir ədəbiyyatşünaslıq elminin, ədəbi tənqidin inkişafında onun mühüm rolu olub.
Sonra professor Kamran Əliyev tələbələrin suallarını cavablandırıb.