Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-12 11:36:57
"Elçin Babayevin bioqrafiyası universitetə rəhbərlik etmək üçün yetərlidir"- Etibar Əliyev

“Elçin Babayevin Bakı Dövlət Universitetinə rektor təyin olunmasını  təqdirəlayiq hesab edirəm.  BDU Tədqiqat universitetinə çevrilməlidir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Etibar Əliyev deyib. O, Elçin Babayevlə BDU-nun Fizika fakültəsində eyni vaxtda təhsil alıb:

“Elçin Babayev universiteti əla qiymətlərlə bitirib. Nizam-intizam baxımından da fərqli tələbə oub. Kosmik Tədqiqatlar İnstitutunda, Şamaxı Astrofizika Rəsədxanasında ciddi  elmi fəaliyyətlə məşğul olub. Elmin İnkişafına Dəstək Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Düşünürəm ki, onun bioqrafiyası universitetə rəhbərlik etmək üçün yetərlidir. Bu baxımdan təyinatı təqdirəlayiq hesab edirəm.  Bakı Dövlət Universiteti Tədqiqat universitetinə çevrilməlidir”.

Ekspertin sözlərinə görə,  Tətqiqat universitetinə çevrilmək missiyasını üzərinə götürən bir neçə ali məktəbimiz var:

“Bunun üçün böyük maliyyə vəsaiti tələb olunur. Universitetin maddi-texniki bazası gücləndirilməli, laboratoriyaların funksionallığı artırılmalı, elmlə təhsilin vəhdəti istiqamətində ciddi işlər görülməlidir. Elçin Babayevin bu işləri yerinə yetirmək potensialı var. Bakı Dövlət Universiteti hələ universitetlər arasında rəqabət mühitinin formalaşmasında öz sözünü deyə bilməyib. Bununla yanaşı, universitetdə təhsil mühitinin yaxşılaşdırılması sahəsində də ciddi işlər görülməlidir. Elçin müəllimə bu çətin işdə uğurlar arzulayıram”.

Qeyd edək ki, Prezident İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi. E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini vəzifəsində çalışır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları