
Parisdə dərc edilən beynəlxalq “PrehistoiresMediterraneennes” elmi dərgisinin 2018-ci ildə 6-cı sayında Cənubi Qafqazda çalışmış fransız arxeoloqlarının kollektiv “Qafqazda darının yetişdirilməsinin kökü: arxeoloji və arxeometrik yanaşmalar” məqaləsi dərc edilib.
Məqalədə Cənubi Qafqazın neolit, xalkolit, tunc və ilk dəmir dövrü abidələrindən toplanmış darının yetişdirilməsinə və kultivasiyasına dəlalət edən faktlar üzə çıxarılıb.
Bu tədqiqatlardan biri də insan skeletlərinin karbon izotop analizidir ki, insan sümüklərində darının molekulyar səviyyədə izlərini aşkar edir. Biz də Azərbaycanda deyilən dövrlərə aid uyğun materialların bu tədqiqata daxil edilməsinə nail olduq. Tovuz rayonundakı neolitə aid Menteştəpə və Topdağdağan kurqanındakı sallama dəfnindən və Böyük Qışlaq daş qutu qəbirlərindən (son tunc ilk dəmir, Xocalı-Gədəbəy mədəniyyəti) olan materiallar göstərir ki, Azərbaycanda neolitdən başlayaraq ilk dəmir dövrünədək darı əkinçiliyi var idi. Ayrı bir problem odur ki, qədim əhalinin qidalanmasında darı dövrdən və relyefdən asılı olaraq rasionda nə qədər paya malik idi. Buna görə də bu abidələr avropalı alimlərdə ciddi maraq doğurub. Məqalədə Topdağdağan kurqanlarını tədqiq edən arxeoloqlar sırasında mənim adımı P.Pashaoglu kimi veriblər. İndi Allah qoysa, sağlıq olsun, Topdağdağan kurqanlarının qalmış hissəsini bu ildən yenidən tədqiq etməyə hazırlaşırıq. Çünki artıq Azərbaycan xalqının mədəni irsini “sevən” bəzi “vətənpərvərlər” Orta və Son Tunc dövrünə aid 4 kurqanı və bir neçə torpaq və daşqutu qəbiri dağıtmışlar. Yalnız Zəki Fərəcovun şəxsi fəaliyyəti nəticəsində abidələrin dağıdılmasının qarşısını alınıb. Amma Zəki bəy də fiziki olaraq hər bir abidəyə nəzarət etmək imkanında deyil. Nə qədərki abidələr tam dağıdılmayıb gərək onları tədqiq edək...