Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 17:30:00
Elmin inkişafında AMEA-nın rolu – Elm tarixindən oçerk

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin aprelində imzaladığı müvafiq sərəncama əsasənbu ildən etibarən hər ilin 27 mart tarixi ölkədə Elm günü kimi qeyd olunacaq.

A.Osmanova

AMEA-nın ETİ-nun elmi işçisi

 ELMİN İNKİŞAFINDA AMEA-nın ROLU

(TARİX VƏ MÜASİRLİK)

 Görkəmli dövlət xadimi Heydər Əliyevin 23 sentyabr 1993-cü ildə respublika ziyalıları ilə tarixi görüşündə Azərbaycan Elmlər Akademiyasının əhəmiyyəti və xidmətləri haqqında söylədiyi fikirlər cəmiyyətin inkişafında elmin roluna dair obyektiv qənaətləri ifadə edir: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrlərdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Akademiyanın fəaliyyətini tənqid etmək də olar, ...ancaq ümumən götürdükdə, şübhəsiz ki, elminin keçdiyi inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq çox asandır, qurmaq, yaratmaq çətindir. 1945-ci ildə Elmlər Akademiyasını yaratmaq, sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idimi? Əlbəttə, yox! ...Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir... Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər. Azərbaycan elmi inkişaf etməlidir... Biz bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən də ali təhsilimiz... inkişaf edəcəkdir”. 

 Akademiyanın strukturu və əməkdaşlarının tərkibində baş verən dəyişiklikləri elmimetriya nöqteyi nəzərindən gözdən keçirməyə cəhd edək.  Xatırlatmaq istərdim ki, elmimetriya elmin təkamülünü çoxsaylı hesablamalar və statistik araşdırmalar vasitəsi ilə öyrənən  elmdir.

 Elmimetriyadan müxtəlif elmi vahidlərin (institut, qrup və individiumların) maliyyələşdirilməsi zamanı əsas kimi istifadə edirlər.

 Azərbaycan Elmlər Akadeiyasının tarixini üç mərhələyə bölmək olar.

Birinci mərhələ 1923-cü ildən 1945-ci ilə qədərki dövrü əhatə edir.

 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal edilməsi ölkəmizin müstəqilliyinə son qoydu. Azərbaycan faktiki olaraq Sovet Rusiyasının tərkibinə daxil edildi və Azərbaycanda SSRİ dövlət orqanlarının yerli orqanları təşəkkül tapdı.

1923-cü ildə elmi-tədqiqat işləri aparmaq üçün Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti yaradıldı. Bu cəmiyyət respublikanın baş elmi müəssisəsi oldu. Bu cəmiyyətin tərkibində Tarixi etnoqrafiya, İqtisadiyyat, Təbiətşünaslıq  və Xarici Şərq bölmələri, Arxeologiya komitəsi, Dövlət Muzeyi və  Fəlsəfə komissiyası  fəaliyyət göstərirdi[1].

1925-ci ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Şurasının qərarı ilə Rusiya Elmlər Akademiyasının əsasında SSRİ Elmlər Akademiyası yaradıldı. 

SSRİ-də keçən əsrin 30-cu illərində birinci beşillik planlar əsasında həyata keçirilən sənayeləş­dirmə siyasəti həmin dövrdə əvvəllər görünməyən miqyasda elmi tədqiqatların aparılmasına səbəb oldu. Qısa müddət ərzində elmi potensialı iqtisadiyyatın tələblərinə  uyğunlaşdırmaq və onun davamlı inkişafını təmin etmək  tələb olunurdu.

1927-ci ilin dekabrında qəbul edilən SSRİ Kommunist Partiyasının proqramında elmi – tədqiqat sənaye institutlarının şəbəkəsinin inkişaf etdirilməsi, akademik elmi işlərin sənayeyə, kənd təsərrüfüatına tətbiqi nəzərdə tutulurdu [2].

Artıq Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti dövlətin elm qarşısında qoyduğu vəzifələri yerinə yetirə bilmirdi. Bu da elm sahəsində yeni islahatların keçirilməsini, elm sahəsinin xalq təsərrüfatının tələblərinə uyğun olaraq yenidən qurulmasını tələb edirdi.

1929-сu ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətində əsaslı islahatlar aparıldı və Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (DETİ) yaradıldı.

Bununla Azərbaycanda elmi tədqiqat sistemin təşkilinin I mərhələsi başa çatdı.

SSRİ-də sənayenin sürətlə inkişafı xammala, o cümlədən, neftə olan ehtiyacın artmasına, yeni sənaye sahələrinin təşəkkülünə təkan verirdi.

Pambıqçılıq məhsullarına ehtiyacın artması bu sahənin sürətlə inkişafına səbəb oldu. Eyni zamanda respublikada pambıqçılıqla bağlı olan yeni sənaye sahələri də yaranırdı  və bu da öz növbəsində həmin sahələrin inkişafı üçün müasir tələblərə cavab verən yeni elmi laboratoriyaların yaradılmasını tələb edirdi.

Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin səmərəli işini təmin etmək məqsədilə 1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi.

1935-ci ilin oktyabrında şöbə SSRİ EA-nın Azərbaycan Filialına çevrildi. Filialın nəzdində mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya, Tarix, Etnoqrafiya, Arxeologiya, Dil və Ədəbiyyat elmi tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın institut və sektorlarından əlavə respublikada Elmi Tədqiqat Neft İnstitutu, Elmi Tədqiqat Pambıqçılıq İnstitutu, Neft Maşınqayırma İnstitutu, Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu, Hidrotexnika və Meliorasiya İnstitutu yaradıldı. Artıq 1940-cı ildə respublikada 60 elmi müəssisə fəaliyyət göstərirdi[3].

Beləliklə, Azərbaycanda elmi tədqiqat sisteminin təşkilinin I1 mərhələsi başa çatdı.

EA-nın Azərbaycan filialı  milli elmi kadrların təşəkkülündə mühüm rol oynadı. Həmin dövrdə Azərbaycanda müvafiq elmi-tədris müəssisələrin olmadığından elmi kadrların hazırlanması SSRİ-nin tərkibinə daxil olan digər respublikalarda həyata keçirilirdi.

1938-ci ildə SSRİ EA Azərbaycan filialında 16 elmlər doktoru və 20 elmlər namizədi var idisə, 1941-ci ildə onların sayı müvafiq surətdə 21 və 161-ə çatmışdı.

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi və Azərbaycanda elmi tədqiqat sisteminin təşkilinin yeni üçüncü mərhələsi başlandı.

 Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. 

Üçüncü mərhələ 1945-ci ildən 1991-ci ilədək tarixi əhatə edir. Bu mərhələdə Azərbaycanda elmin inkişafı  SSRİ-də elmin inkişafı ilə sıx bağlı idi.

Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə təşəkkül tapmışdır. O vaxtdan keçən dövr ərzində AMEA respublikada aparılan fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. 

Hazırda Azərbaycan Milli Elmlər Akademiysının tərkibində müxtəlif elmi istiqamətlər üzrə elmi bölmələr fəaliyyət göstərir: Fizika-riyaziyyat və texniki elmlər bölməsi, Kimya elmləri bölməsi, humanitar və ictimai elmlər bölməsi və regional Naxçıvan bölməsi.

Bu sahələrdə Azərbaycanda 1960-сı illərdə elmlər doktorlarının və hətta elmlər namizədlərinin sayları az idi.

 Yalnız keçən əsrin 70-ci illərində onlarla azərbaycanlı aspirant və doktorantlar keçmiş SSRİ-nin ən qabaqcıl alimlərinin fəaliyyət göstərdikləri elmi mərkəzlərə göndərilmiş, burada müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün onlara əlverişli şərait yaradılmışdır.

Bu proseslər 70-ci illərdə respublikaya  rəhbərlik edən Heydər Əliyevin adı ilə sıx bağlı idi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr  elmin sürətlə inkişaf dövrü oldu.

Azərbaycan Elmlər Akademiyası özünün “altın dövrünü” ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə yaşamışdır. Ölkəmizdə bu illərdə böyük elmi məktəblər yaranmış, görkəmli elmi simalar meydana çıxmışdır. Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə ölkəmizdə Elmlər Akademiyasının 30 illik yubileyinin keçirilməsi və akademiyanın “Xalqlar dostluğu” ordeni ilə təltif olunması elm tariximizin parlaq hadisələrindən biridir.

Bu həmçinin SSRİ-də 70–80-ci illərdə elmin inikişafının özünəməxsus xüsusiyyətləri ilə bağlı idi.

Elmi-texniki tərəqqinin qarşısında duran vəzifələrdən biri ölkənin energetika sahəsində tələbatlarının ödənilməsi idi.  Neft-qaz energetikasının inkişafına böyük diqqət verilirdi. Geofiziki kəşfiyyatın yeni metodlarının tətbiqi  yeni neft və qaz yataqlarının kəşf edilməsinə kömək edirdi.  Məhz bu dövr Azərbaycan ərazisində yeni neft yataqlarının kəşfi dövrü oldu.     

Keçən əsrin 70-ci illərində Azərbaycanda riyaziyyat məktəbi xüsusi inkişaf etdi və dünyada tanınan elmi məktəb yarandı.

SSRİ-də 90-cı illərin sonlarında başlayan iqtisadi-siyasi böhran və bu dövlətin tərkibinə daxil olan xalqların milli azadlıq hərəkatı SSRİ-nin dağılmasına və müstəqil Azərbaycan dövlətinin təşəkkülünə səbəb oldu.

Azərbaycanın müstəqilliyinin əldə edilməsi ölkə tarixində tamamilə yeni dövrün – müstəqil dövlətçilik dövrünün başlanması dövrü oldu.   

Müstəqil Azərbaycanın təşəkkülü ilə yeni müstəqil qurumların, o cümlədən müstəqil Milli Elmlər Akademiyasının formalaşması dövrü oldu.  Beləliklə, Azərbaycan elminin inkişfında yeni bir mərhələ başlandı.

1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təkilatının üzvlüyünə qəbul edildi. Azərbaycanın ərazi bütövlüyü dünya ölkələrinin əksəriyyəti tərəfindən tanındı.  

Azərbaycanda elm sahəsində tamamilə yeni dövr başlandı. Bu dövrdə ölkəmizdə əldə olunan elmi nailiyyətlərin artıq SSRİ-nin deyil, müstəqil Azərbaycanın inkişafına yönəldilməsi imkanı əldə edildi. Azərbaycan artıq SSRİ rəhbərliyinin ehtiyac bildiyi sahələri deyil, milli maraqlara uyğun olaraq elm sahələrini inkişaf etdirmək imkanı əldə etdi.

Amma müstəqilliyin ilk dövründə Azərbaycanda səriştəsiz hakimiyyətin yeritdiyi siyasət ölkədə mövcud siyasi və iqtisadi böhranın daha da dərinləşməsinə gətirib çıxardı. O cümlədən, elm sahəsini də böhran bürüdü. Elmə olan diqqət xeyli azaldı.  Belə vəziyyət bir çox alimlərin ölkəni tərk etməsinə səbəb olurdu.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə siyasi və iqtisadi böhranın aradan qalxmasına gətirib çıxardı. Azərbaycanın bütün sahələrində, o cümlədən elm sahəsində sürətli inkişaf başlandı.  

Akademiyanın tərkibində gənc və istedadlı alimlərin sayı artırıldı. Hazırda AMEA-nın 6 bölməsi var: fizika-riyaziyyat və texnika elmləri (Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Biofizika İnstitutu); kimya elmləri (Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu); Yer elmləri (Geologiya və Geofizika İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Neft və Qaz İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi); biologiya və tibb elmləri (Botanika İnstitutu, Zoologiya İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Dendrologiya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu); humanitar elmlər (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi), ictimai elmlər bölməsi (Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, İqtisadiyyat İnstitutu, Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu). AMEA-da 2 regional bölmə və 2 regional elmi mərkəz fəaliyyət göstərir: Naxçıvan Elmi Bölməsi (Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu, Batabat Astrofizika Rəsədxanası), Gəncə Bölməsi (Nizami Gəncəvi Mərkəzi, Humanitar Tədqiqatlar İnstitutu, Diyarşünaslıq İnstitutu, Bioresurslar İnstitutu, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Aqrar Problemlər İnstitutu, Nəbatat Bağı); Şəki Regional Elmi Mərkəzi və Lənkəran Regional Elmi Mərkəzi[4].

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 72 həqiqi üzvü və 112 müxbir üzvü var.

AMEA xarici ölkələrin elmi müəssisələri ilə müntəzəm əlaqə saxlayır, elmin müasir problemlərinə və elmin təşkilinə dair əcnəbi alimlərlə fikir mübadiləsi aparır. Akademiyanın alimləri beynəlxalq elmi qurultay, konfrans və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər. AMEA-nın təşəbbüsü və təşkilatçılığı ilə vaxtaşırı beynəlxalq elmi müşavirə və konfranslar keçirilir. Son dövrlərdə Akademiya alimlərinin 604 kitabı, 4208 məqaləsi çap olunmuşdur. Məqalələrin 2427-si impaktfaktorlu elmi jurnallarda dərc edilmişdir. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər.

 Ümummilli liderimiz H. Əliyevin AMEA-nın Azərbaycan elminin və bütövlükdə ölkənin ədəbi-ictimai həyatındakı rolu və xidmətlərini ifadə edən bu sözləri bu gün də AMEA-nın qarşısında daha ciddi vəzifələr qoyur: “AMEA-nın keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixində böyük səhifədir. Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir.”

Bu gün AMEA-da fəaliyyət göstərən digər institutlar kimi Elm Tarixi İnstitutunda aparılan tədqiqatlar həm ölkə elminin inkişafına yeni töhfələr verir, həm də dünya elmi ilə inteqrasiya şəraitində beynəlxalq elmi proseslərdə alimlərimizin fəal iştirakına yol açır.

Bu gün çox böyük bir əminliklə deyə bilərik ki, AMEA-nın uğurlu fəaliyyəti, elmin ən yeni və müasir istiqamətləri üzrə yüksək ixtisaslı, elmi dərəcələrə malik mütəxəssislərin hazırlaması Azərbaycanın dövlət müstəqilliyinin mühüm nailiyyətidir. 

 [1] Tamilla Kərimova. Azərbaycan Milli Elmlər Akademiyasının yaranması. Bakı. “Elm və Tərəqqi”. Bakı. 2015. Səh 91.

[2] Журнал  «Российская Академия наук»  №8, 1971-го года .səh 130 – 140. 

 [3]  535 – ci qəzet. 26  oktyabr 2015 – ci il.

[4] http://www.science.gov.az/pages/istoriya-osnovaniya