
Dünya çapında tanınan azərbaycanlı alim, təmsil etdiyi elmi qurumun Nobel mükafatına layiq görülməsində müstəsna xidmətləri olan professor Bəxtiyar Siracov elmi-populyar istiqamətdə də yazlarını davam etdirir.
AzEdu.az xəbər verir ki, alim bu dəfə orta əsrlərin məşhur cihazından bəhs edib:
“1738-ci ildə Barun əl Muxtari tərəfindən İstanbulda düzəldilib. İrlandiyada, Dublin şəhərində Chester Beatty kitabxanasında sərgidə nümayiş olunur.
Cihazın bir üzündə (soldakı şəkil) Məkkədə Kəbə və onun ətrafındakı tikililər, o biri üzünün (sağdakı şəkil) üst hissəsində ekvatordan şimalda yerləşən Avropa, Asiya, Afrika ölkələrinin xəritələri üzərində 400-ə yaxın şəhəri göstərən rəngli nömrələr, aşağı hissəsində isə bu nömrələrə uyğun şəhərlərin adlarından ibarət siyahı təsvir edilb.
Bundan əlavə cihazın üzərində bir ucu Məkkənin yerləşdiyi nöqtəyə bərkidilmiş ox, ən yuxarı nöqtəsində isə kompas yerləşdirilib.
Qiblənin istiqamətini müəyyən etmək üçün aşağı hissədəki siyahıdan şəhərin nömrəsi tapılır, sonra oxun azad ucu xəritə üzərində həmin nömrə ilə işarələnmiş nöqtənin üzərinə yönəldilir, kompasın əqrəbi şimal-cənub cəhətlərini göstərənədək cihaz döndərilir. Düzgün tənzimləndiyi halda oxun azad ucu Kəbə istiqamətini göstərəcək”.