Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-23 13:46:00
Məktəblilər Qərb bölgəsinin tarixi məkanları ilə tanış olacaqlar

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şəki, Oğuz və Qəbələ rayonlarının məktəblilərindən ibarət qruplar martın 23-də səhər saatlarında Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki məktəblilərini yola salmaq üçün Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan şəhər icra hakimiyyətinin rəsmiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini verib, onlara mənalı istirahət arzulayıblar.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Yolasalma mərasimində şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək altıncı ildir ki, uğurla davam edən “Ölkəmizi tanıyaq” layihəsinin mühüm əhəmiyyət daşıdığını, tur-aksiyaların məktəblilərə ölkəmizin müxtəlif bölgələri, oradakı tarixi abidələr, qədim yaşayış məskənləri ilə yaxından tanış olmaq imkanı yaratdığını bildiriblər. Layihənin əvvəlki mərhələlərində qədim Şəki diyarının Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan minlərlə məktəblini qəbul etdiyini vurğulayan icra hakimiyyətinin rəsmiləri tur-aksiyanın indiki mərhələsində də Şəkiyə respublikamızın 9 rayonundan məktəblilərin gələcəyini diqqətə çatdırıblar.

Bildirilib ki, qərb bölgəsinə səyahət zamanı məktəblilər Gəncə, Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafa şəhərlərində Heydər Əliyev mərkəzlərini, muzeyləri ziyarət edəcək, tarixi abidələrlə tanış olacaq, bölgənin sosial-iqtisadi inkişafını, şəhər və rayonların yeniləşən simasını, son illər aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini öz gözləri ilə görəcəklər.

Müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla qərb bölgəsinə yola düşüblər.

X X X

“Ölkəmizi tanıyaq” tur-aksiyasına Oğuz məktəbliləri də böyük həvəslə qoşulublar. Martın 23-də rayonun fəal məktəblilərindən ibarət qrup səhər saatlarında respublikamızın qərb bölgəsinə yola salınıb.

Rayon icra hakimiyyətində keçirilən yolasalma mərasimində çıxış edən icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski və rayon təhsil şöbəsinin müdiri Elçin Kərimov dövlətimizin başçısının tövsiyəsi ilə həyata keçirilən tur-aksiyaların önəmindən danışıb. Bildirib ki, məktəbliləri dörd gün ərzində Gəncə şəhərində, Şəmkir, Göygöl və bölgənin digər rayonlarında çox maraqlı ekskursiyalar gözləyir. Onlar bu rayonların tarixi məkanları, muzeyləri ilə yaxından tanış olacaq, görməli yerlərini gəzəcəklər. Bundan əlavə, tur-aksiya iştirakçılarının asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, bilik yarışlarının, əyləncəli proqramların təşkili də nəzərdə tutulub.

Yola düşməzdən əvvəl məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər.

X X X

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları arasında Qəbələ məktəbliləri də var. Martın 23-də rayonun 40 nəfər fəal məktəblisi və onları müşayiət edən şəxslər respublikamızın qərb bölgəsinə yola salınıblar.

Tur-aksiyada iştirak edən Qəbələ məktəbliləri ilə bir gün əvvəl keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova tur-aksiyaların əhəmiyyəti barədə danışıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, layihənin əsas məqsədi şagirdlərin ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində respublikamızda əldə edilən sosial-iqtisadi inkişaf, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Diqqətə çatdırılıb ki, məktəblilərə səfər edəcəkləri Gəncə şəhərində, Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafa rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və təbliği istiqamətində həyata keçirilən önəmli layihələr barədə geniş məlumat veriləcək, onlar Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanlarını gəzəcəklər. Ətayə Osmanova məktəblilərə tur-aksiya zamanı keçiriləcək intellektual oyunlarda fəallıq göstərmələrini tövsiyə edib.

Tur-aksiya iştirakçılarını yola salmaq üçün martın 23-də Qəbələ şəhərindəki Heydər Əliyev Parkına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər məktəblilərə son tövsiyələrini veriblər.

Tur-aksiya iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon rəhbərliyinin və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüblər.