
Novruz tətili bir sıra unudulan adət-ənənələri də yadımıza salır. Adət-ənənələr milli kimliyimizi qorumaq baxımından əsasdır. Amma bəzən gənclər müasir fikirlərə meyl edir, bu adətlərlə razılaşmırlar. Hətta bu ənənələri “keçmiş qəliblər” adlandıranlar da az deyil.
AzEdu.az tələbələrin adət-ənənələrimizə sayğısını öyrənmək məqsədilə onlar arasında sorğu keçirib. Gənclər razılaşmadıqları mental dəyərləri dilə gətiriblər.
Bakı Mühəndislik Universitetinin V kurs tələbəsi Ülvi Eyvazlı Novruz adətləri ilə ümumiyyətlə razılaşmadığını bildirib:
“Adət-ənənələrin müəyyən çərçivədə olması çox gözəldir. Amma bəzi bayram adətləri ilə heç cürə razılaşa bilmirəm. Məsələn, Novruz adətlərindən olan qapı pusmağı götürək . Kiminsə şəxsi mesajını oxumaq nə dərəcə yanlışdırsa, birinin evinə gizli qulaq asmaq da o qədər qəbul edilməzdir.
Daha sonra şirniyatların bişirilməsi: eyni gündə şəkərbura, paxlava, qoğal və s. bişirilir. Çoxusu heç yeyilib qurtarmır. Bu isə israfa gətirib çıxardır.
Milli mentalitetə gəldikdə isə, fikrimcə, valideyn-övlad münasibətləri düzgün zəmində qurulmayıb. Onlar arasında məsafə çoxdur. Valideyin övladıyla açıq danışmır, övlad da valideyindən çəkinir. Onlar dost olmalıdır.
Bundan başqa, yaş həddi nəzərə alınmadan hər kəsə eyni hörmət edilməlidir. Amma bizdə böyüyə üstünlük verilir. Halbuki, böyüklərdən qat-qat ağıllı fikirlər səsləndirən azyaşlılar var. Kiçiyə də söz haqqı verilməlidir ki, o da cəmiyyətdə bir fərd kimi foralaşa bilsin”.
Bakı Dövlət Universitetinin I kurs İlkin Əhmədovu isə ən çox narahat edən ölkəmizdəki fərqli geyim tərzlərinə mənfi münasibətdir:
“Ölkənin hər bölgəsinin özünə məxsuz adət-ənənsi, mentaliteti var. Adət-ənənələrin olması çox gözəl haldı, amma bəzi adətlərlər məncə, artıqdır.
Məsələn, geyim məsələsi, bizim ölkədə sırf geyim baxımdan demək olar ki, rahatlıq yoxdur. Bir az fərqli libas geyinəndə, şəhərdə tərs baxışlarla qarşılaşırsan. Bunun kimi çox mental məsələləri sadalamaq olar, amma məni ən çox narahat edən geyim məsələsidir”.
Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi Xtilova Çinarə isə bir sıra toy adətlərini mənasız hesab edir:
“Mənə ən çox toy adətləri: yengə, bəyin sağdış-soldışının olması, gəlinin 40 gün evdən çıxmaması və s. mənasız gəlir.
Bir sıra mental düşüncələrlə heç cürə barışa bilmirəm. “Qız uşağı nədir, gülmək nədir?”, “Eve gec gəlmək nədir?” və s. bu kimi düşüncələrin olması çox acınacaqlıdır. Daha sonra bəzən qızlar haqlarını tələb etdikdə təhqirlərlə qarşılaşırlar”.
Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Sabir Məmmədlini narahat edən əsas məsələ cəmiyyətdə qadınlara qarşı olan ayrıseçkilikdir:
“Qadınlara qarşı olan mental düşüncələrlə razılaşmıram. Bu, böyük problemdir. Hazırda valideynlər övlad dünyaya gətirəndə də oğlan uşağına üstünlük verirlər. Belə olanda ölkədə cinsi tarazlıq pozulur.
Məncə, ölkəmizdə qadına lazımı dəyər verilmir. Bizdə belə bir düşüncə var: “Qız uşağı ya müəllim, ya da həkim olar”. Amma hazırda digər sahələrdə çalışan çox qadın qadın kişillərdən daha işgüzardır. Düşünürəm ki, belə fikirlər Avropaya inteqrasiya prosesinə mane olur”.
Rəna Nəbi