
Bizdə yerli telekanallara maraq çox azdır. Əhali ya türk, ya da rus kanallarına baxır. Bəs gənclərin yerli televiziyaya münasibəti necədi?
Mövzu ilə bağlı AzEdu.az olaraq, tələbələr arasında sorğu keçirdik.
Azərbaycan Dillər Universiteti IV kurs Ağalarova Mirsəidə yerli televiziyadan danışarkən yeniliyin olmadığını, ideyaların isə yalnız xarici kanallardan götürüldüyünü deyir:
“Azərbaycan telekanallarında hazırki vəziyyət çox pisdir. Yeni ideyalar yoxdu. Proqramlaryalnız xarici, daha çox da türk kanallarından götürülür. İnsanlar bunu bir dəfə gördükləri üçün onların diqqətini çəkmək mümkün olmur.
Niyə türk seriallarına baxılır, amma bizimkilərinə yox? Çünki onlarda yenilik var.
Daha sonra, milli dəyərlərimizi nəzərə almaq lazımdır. Efirdə etika olmalıdır. Hər hansı bir aparıcının “şpaqat açmasının”, ya da qeyri-etik fitnes hərəkətlərinin göstərilməsi düzgün deyil.
Məncə, yeni ideyalar tapılmalıdır. Televiziyada efir mədəniyyəti, nitq mədəniyyəti olmalı, davranış qaydalarına əməl edilməlidir. Düşünürəm ki, belə olsa televiziyaya maraq artar”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin I kurs tələbəsi Sirac Qaytaranov . Sirac yerli televiziyada daha çox vətənpərvərlik mövzulu proqramlar görmək istəyir:
“Televiziyanın hazırki vəziyyətinə münasibətim normaldı. Amma bəzi kino, serial və proqramlar da var ki, onların demək olar,izləyici kütləsi yoxdu. Bəzən aparıcılar kütləyə fikirlərini düzgün izah edə bilmirlər.
Gənclərin diqqətini çəkəcək, vətənpərvərlik mövzulu proqramların sayı artırılarsa, daha yaxşı olardı.
Seriallar isə, demək olar ki, kortəbii formada çəkilir. Məncə, insanların dərs ala biləcəyi bir şəxsin həyatından serial, ya kino çəkilsə daha maraqlı olar”.
Bakı Avrasiya Universiteti I kurs tələbəsi Rüstəm Sadiqli. Televiziyanın hazırki vəziyyəti bir gənc olaraq, onu qane etmir:
“Televiziyanın hazırki vəziyyəti bir tələbə olaraq, məni qane etmir. Özəl kanallar azlıq təşkil edir.
Belə deyim, çox uzağa yox, elə qardaş Türkiyəkanallarına baxaq. Demək olar ki, bütün tarixi şəxsiyyətlərə həsr olunmuş filmlər, seriallar çəkilib. Bizdə də belə şəxsiyyətlər çoxdu. Götürək, elə Şah İsmayıl Xətaini. Onun haqqında bir dənə belə film çəkilməyib. Daha sonra,bayrağımızdakı yaşıl rəng islamı təmsil edir. İslam ölkəsiyik. Amma dini proqramlar çox azdır.
Seriallara gəldikdə isə, məncə bərbad vəziyyətdədir. Türk dilləri içərisində ən mükəmməli Azərbaycan dilidir, amma yerli seriallarda bu dildən məhdud formada istifadə edirlər. Ümumiyyətlə səmimilik yoxdu.
Televiziyada milli adət-ənənələrimizi, folklorumuzu, tariximizi əks etdirən film, teleserial və proqramların çəkilməsi, həmçinin uşaqlar üçün telekanallar, cizgi-filmləri, intellektual oyunlar və s. təşkili daha yaxşı olardı”.
Bakı Dövlət Universiteti I kurs Cavid Rzaquliyev isə ümumiyyətlə televizorabaxmır:
“Açığını desəm,TV-ə ümumiyyətlə, baxmıram. Bu səbəbdən də, televiziyanın hazırki vəziyyətindən o qədər də xəbərdar deyiləm.
Televiziyada baxdıqda nəsə öyrənə biləcəyimiz intellektual, ya da vətənpərvərlik aşılayan proqramlar olsa daha yaxşı olardı. Düşünürəm ki, belə olduqda gənclərin yerli televiziyaya marağı artar”.
Rəna NƏBİ