
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən yaradılan “Azərbaycan alimləri diasporu” informasiya sistemi təkmilləşdirilir.
İnstitutdan AzEdu.az-a bildirilib ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 500 azərbaycanlı alim haqqında məlumatların yer aldığı sistemdə alimlərin elm sahələri üzrə paylanmasına və cinsi mənsubiyyətinə dair statistik göstəricilər də təqdim olunub. Hazırda veb-saytın mütəmadi olaraq təkmilləşdirilməsi və buraya xaricdə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında yeni məlumatların əlavə edilməsi istiqamətində işlər aparılır.
Alimlər haqqında məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, AMEA-nın elmi müəssisə və təşkilatları, həmçinin ölkənin bir sıra təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində əldə edilib. Veb-saytın yaradılmasında əsas məqsəd xarici ölkələrdə yaşayan Azərbaycan alimləri haqqında vahid informasiya mənbəyinin yaradılması, onların əldə etdiyi elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətində tanıdılması, həmçinin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsidir.