
“Rüşvətin bir nömrəli məkanı Ukrayna və Rusiya universitetləridir”.
Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev deyib. Onun sözlərinə görə, Ukraynanın bütün universitetlərində rüşvət halları mövcuddur:
“Rusiyada əsasən vilayətlərdə yerləşən ali təhsil müəssisələrində rüşvət halları mövcuddur. Amma demək olar ki, Ukraynanın bütün universitetlərində rüşvət hallarına rast gəlinir. Hazırda işləyən və ya vəzifəsini dəyişmək istəyənlər Ukraynada təhsil almağa üstünlük verir. Azərbaycanda təhsildə uğur qazana bilməyənlər Ukrayna universitetlərində bakalavr dərəcəsində oxuyurlar. Həmçinin, Türkiyə universitetlərində oxumağa imkanı çata bilməyənlər Ukraynada təhsil almağa üstünlük verir”.
Fuad Hacıyevin sözlərinə görə, Belarusiya universitetlərində də rüşvət hallarına rast gəlinir:
“Belarusiya universitetlərində təhsil bir növ Azərbaycandakı kimidir. Orada oxuyan tələbələr rüşvət vermədən imtahanlardan uğurla keçə bilər. Amma Belarusiya universitetlərində də rüşvət hallarına rast gəlinir. Belarusiyanın Fövqəladə Hallar Akademiyasında rüşvət verən tələbələr çoxdur.
Avropa ölkələri olan Polşa, Latviya, Litva universitetlərində də rüşvət halları mövcud olub. Almaniya daxil olaraq bir sıra ölkələrin universitetlərində rüşvət hallarına rast gəlinmir. Fikrimcə, gənclərə tövsiyə olunacaq ən yaxşı universitetlər Estoniyada mövcuddur”.
Xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib ki, Rusiya universitetlərində rüşvət halları daha çoxdur:
“Ukrayna universitetlərində yalnız azərbaycanlı tələbələr rüşvət verir. Onu da qeyd edim ki, 2012-ci ilə qədər Ukrayna universitetlərində rüşvət hallarına rast gəlinirdi. Amma hazırda Ukrayna universitetlərinin 80%-də rüşvət halları azalıb. Əlavə olaraq bildirim ki, Litva universitetlərində də rüşvət hallarına rast gəlinir”.