
Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır.
Nazirlikdən AzEdu.az-a bildirilib ki, müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə təhsilin idarə edilməsi, istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması, informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi mövzuları üzrə keçirilir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər.
Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Layihələrin icrasına iyunun 1-dən başlanıla bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumtəhsil müəssisələri” kateqoriyası üzrə 100 min, fərdi kateqoriya üzrə 10 min manatdan çox olmamalıdır.