Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-30 15:04:00
"Bu hadisədən sonra BDU örnək universitet olacaq" - Rektorun jestinə tələbələrin münasibəti

Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev ali təhsil müəssisəsində tələbəyə qarşı atdığı addımla gündəm yaradıb. 

BDU-nun bufetində olan rektor burada ad gününü qeyd edən tələbə olduğunu sezərək, onun masasına yaxınlaşıb. Tələbələrdən birinin verdiyi məlumata görə, rektor gənclərə ad günü tortu dadmaq istədiyini deyib. Tələbələr isə hələlik tortun gəlib çıxmadığını bildiriblər.

AzEdu.az sözügedən hadisə ilə bağlı BDU-da təhsil alan bir neçə tələbənin münasibətini öyrənib.

Jurnalistika fakültəsinin IV kurs tələbəsi Əzizə Zeynal AzEdu.az-a açıqlaması zamanı bildirib ki, tələbə ilə rektor arasında bu cür səmimi münasibət təqdirəlayiqdir:

“Ümumiyyətlə, burada qəribə heç nə yoxdur.Bu yaxınlıq və xoş münasibət rəsmi tədbirdə deyil, məhz bayram ərəfəsində baş tutub.Rektor öz tələbəsini sevir.Tələbəsini sevən rektor isə, universitet  üçün yaxşı işlər görəcək və ona fayda verən tədbirlərə əl atacaq.Yalnız BDU deyil, digər universitetlərdə də, tələbə və rektor arasında bu cür xoş və səmimi münasibət qurulmalıdır”.

Hüquq fakültəsinin 700 ballıq tələbəsi Elvin Kərimlinin sözlərinə görə, hər hansı təhsil müəssisəsinin rəhbərinin tələbələrlə münasibət qurması, onların yanında olması və xoş təması məni çox sevindirir:

“Xarici universitetlərin təcrübəsi göstərir ki, hansı universitetin rektoru tələbələrlə müsbət münasibət saxlayır və daim onların yanında olursa, belə universitetlər inkişaf edir.Çünki bu halda rektor tələbənin nə istədiyini bilir. Başqa universitetlərdə də belə halların şahidi olanda çox sevinirəm. Rektorumuzun addımı və tələbənin yanında olması çox qürurvericidir”.

Magistr pilləsində təhsil alan Aysel Aslan da Elçin Babayevin sosial şəbəkələrdə yayılan videosunu izləyib:

“Mənim üçün gözlənilməz və maraqlı hadisə oldu. Hətta bunu şəxsi hesabımda paylaşdım.Universitetin yüksək vəzifədə olan şəxslərinin təhsilalanlarla bu cür rəftar etməsi tələbələrin onlara inamını bir qədər də artırır.Bu səmimiyyət göstəricisidir.Hər universitet rəhbəri bu cür rəftar etsə, tələbələrdə onlara qarşı sevgi də artacaq. Təhsilin səviyyəsinin yüksək və ya aşağı olmasından asılı olmayaraq, digər tələbələrin də universitetlərə marağı yaranacaq. BDU-nun nüfuzunda son illər geriləmə müşahidə olunurdu. Əsasən, tələbələrlə səmimi münasibətin olduğu universitetlər daha ön planda idi.Bu hadisədən sonra isə düşünürəm ki, xoş münasibət davam edəcək və bizim universitet yaxşı ali təhsil müəssisəsi kimi örnək olacaq".

Hüquq fakültəsinin 700 ballıq tələbəsi Əzim Əzizli də rektorun xoş münasibətindən razıdır:

“Digər rektorlardan fərqli olaraq, Elçin bəyin daha səmimi münasibəti marağıma səbəb oldu.Düşünürəm ki, belə hadisələr mütəmadi şəkildə olacaq və universitet daxilində səmimi  mühit yaradılacaq”.

Şükufə Süleymanlı