
Bu gün Аzərbaycan Мilli Еlmlər Аkademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) elmi şurasının iclası keçirilib. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, tədbiri açan akademik Vaqif Fərzəliyev qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Akademik “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli Fərmanının akademiyanın hər bir elmi müəssisəsi kimi AKİ-nin də qarşısında yeni məqsəd və vəzifələr qoyduğunu qeyd edib: “Bu məsələ elmi şuranın əvvəlki iclaslarında kifayət qədər müzakirə olunub və qərara alınıb ki, institutun fəaliyyətinin daha da güclənməsi, tətbiqi işlərin genişləndirilməsi üçün mövcud strukturun təkmilləşdirilməsi, idarəetmənin optimallaşması məqsədilə müasir tələblərə cavab verməyən şöbə və laboratoriyalar birləşdirilsin”.
Elmi şurada motor yağlarına yuyucu-dispersləşdirici aşqarlar laboratoriyasının motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyasına birləşdirilməsi və aşqarların texnologiyası laboratoriyasının ləğv edilərək kadr potensialının aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları və patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyasında yerləşdirilməsini nəzərdə tutan yeni struktur təsdiq olunub.
İclasda institutun doktorantları İradə Rzayeva, Həyat Əliyeva və Rəhimə Məmmədovanın attestasiyası məsələsi nəzərdən keçirilib, onların ötən birillik fəaliyyəti qənaətbəxş hesab olunub.
Elmi şura institutun direktoru, akademik Vaqif Fərzəliyevin 80 illik yubileyinin keçirilməsi haqqında da qərar qəbul edib.