
Bakıda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) 75-ci beynəlxalq şura toplantısı keçirilib.
AzEdu.az xəbər verir ki, toplantıda rəsmi qonaqlar və məruzəçilər qismində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Aparat rəhbəri Fərhad Nəcəfov, Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərov iştirak ediblər.
Səfər çərçivəsində Avropanın 40 ölkəsindən (Almaniya, Fransa, İspaniya, Belçika, Niderland, Rusiya, Norveç və digərləri) 330 hüquqşünas tələbə müxtəlif mədəni və sosial proqramlarda, habelə görüşlərdə iştirak edib. Onlar Heydər Əliyev Mərkəzinə səfər etməklə Azərbaycanın tarixi ilə bağlı məlumat əldə edib, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri barədə məlumatlandırılıb.
Tədbirlər çərçivəsində iştirakçılar Beynəlxalq Muğam Mərkəzində milli muğam irsimiz haqqında məlumatlandırılıb. Həmçinin ELSA Hüquqşünaslar Şəbəkəsinin nümayəndələri ilə də bir sıra görüşlər keçirilib. Avropalı hüquqşünaslar Ali Məhkəmədə olub, bu qurumun inzibati binasında yaradılan şəraitlə tanış olub, Azərbaycanın konstitusiya quruluşu, məhkəmə sistemi barədə məlumat əldə ediblər.
Bundan başqa, gənc hüquqşünasların kənd təsərrüfatı naziri İnam Kərimov ilə görüşündə bir sıra mövzularda müzakirələr aparılıb. Hüquqşünas tələbələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda da olublar.
Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Avropanın 44 ölkəsində 350-dən çox universiteti və 54,5 mindən çox hüquq tələbəsini özündə birləşdirən dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. Azərbaycan əsası 1981-ci ildə qoyulan bu təşkilata ELSA-nın 2010-cu ilin oktyabrında Alanyada keçirilən 58-ci beynəlxalq şura toplantısında müşahidəçi üzv, bir il sonra – 2011-ci ilin oktyabrında Palermoda Assosiasiyanın 60-cı beynəlxalq şura toplantısında tamhüquqlu üzvü olub.
Tələbələr ELSA-nın geniş fəaliyyət və beynəlxalq əməkdaşlıq imkanları vasitəsilə müxtəlif ölkələrin hüquq sistemləri barədə zəngin məlumat və təcrübi biliklər əldə edirlər. Bundan başqa, beynəlxalq tədbirlərdə, seminarlarda iştirak etməklə özlərini zamanın tələbinə uyğun şəkildə formalaşdıran hüquqşünas tələbələr idarəetmə, qrup fəaliyyəti, praktiki iş təcrübəsi, qabaqcıl dəyərləri paylaşmaq və digər imkanlardan faydalanırlar.