Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-03 13:23:39
"Multikulturalizm sahəsində Mehriban Əliyevanın rolu"  - Mədinə Məmmədli

AzEdu.az Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyası İnzibati idarəetmə fakültəsi Mədinə Məmmədlinin "Multikulturalizm sahəsində Mehriban Əliyevanın rolu"adlı məqaləsini təqdim edir:

Multikulturalizm  siyasətinin  azərbaycan nümünəsi:

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Çünki multikulturalizm çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən fenomendir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür.Onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Multikulturalizmin əsasını tolerantlıq, milli birliklərin adət-ənənələrinə və bir-birinin  azadlığına hörmət hissi təşkil edir. Elmi ədəbiyyatda verilən məlumata görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. "Multikulturalizm" termini Kanadada yaransa da, siyasi leksikona ilk dəfə 1970-ci ildə Avstraliyada immiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir.

Multikulturalizm başqa xalqın nümayəndəsinə, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır.Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Həmçinin, multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır.Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir.Multikulturalizm siyasəti assimilyasiyanı inkar edir, inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı, həm də milli və dini azlıqlar da dəstəkləyirlər.

Multikulturalizmin Azərbaycan modeli

 Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub.Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir.

Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub.Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır.

Ölkəmizin əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması, burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olmuşdur.

Azərbaycan çoxmillətli, qonaqpərvər  bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək, ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir.Bu mənada, məzmunca multikultural dəyərlər Azərbaycanda tarix boyu  mövcud olmuşdur.

Burada dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir.Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixə malik Şəki şəhərinin yaxınlığında yerləşir.Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açıldı. Azərbaycan əhalisinin 96 faizini islam, qalanını isə xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 600-ə yaxın dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır.Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədir.

Multikulturalizm dəyərləri olmayan məkanda, ayrı-seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər meydana çıxır ki, bu da bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Bu gün Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür.Azərbaycan dünyəvi müsəlman ölkəsidir.İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, ənənələrimizə və köklərimizə böyük hörmətlə yanaşırıq.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dinlər və mədəniyyətlərarası dialoqun təminatçısıdır

 Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var. Bu gün Heydər Əliyev Fondu Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.

Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur.

Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu digər dinlərə də xüsusi diqqət ayırır.Onun rəhbərliyi ilə fond Luvr Muzeyində islam Mədəniyyəti Bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirak edir. Hətta bu il fevralın 23-də fondun bərpa etdiyi Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı da olub.

Bu da Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır.

Bundan başqa, Mehriban xanım Əliyevanın rəhbərliyi altında fond bir-birinin ardınca davamlı olaraq mühüm layihələr həyata keçirir, onun təşəbbüsü ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi", "Qloballaşma şəraitində mədəniyyətlərin rolu", "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama", "Azərbaycan - tolerantlıq məkanı" layihələrini xüsusi qeyd etmək olar. Dünya ictimaiyyəti, görkəmli şəxsiyyətlər və sıradan insanlar bu qəbildən olan tədbirlərin keçirilməsini, orada mədəniyyətlərarası dialoqun inkişafına həsr olunmuş məsələlərin müzakirə olunmasını və ən əsası, gerçəkləşdirilməsini böyük rəğbətlə qarşılayırlar.

Bir sözlə, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olmaqdadır.Multikultural prinsiplər Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik prinsipləri qədər vacib və zəruridir. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevirmişdir.Azərbaycan multikulturalizminin siyasi banisi Ulu Öndərin arzularından biri də elə bu idi.

Mehriban Əliyeva Parisdə UNESCO-nun konfransında çıxış edərkən demişdir:

“Sivilizasiya, mədəniyyət və dinlərin qovuşuğunda yerləşən bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər. Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər”.

Mehriban Əliyeva qeyd edib ki, qədim İpək Yolunun mərkəzində yerləşən Azərbaycanın fikirlərin paylaşıldığı və insanların dostluq mühitində bir araya gəldiyi məkan kimi uzun tarixi var: " Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir və biz multikulturalizm dəyərlərinin təşviqində UNESCOda daxil olmaqla beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edirik. Burada mən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə irəli sürülən, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq olunmasında həqiqətən də qlobal platformaya çevrilən “Bakı Prosesi”ni qeyd etmək istəyirəm. Əvvəla bu, Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq platforması kimi irəli sürülmüşdü. 2008-ci ildə Azərbaycan bu iki beynəlxalq təşkilatın üzvü kimi Bakıda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşünü keçirdi. Bu proses bu günə kimi davam edir. Bu il biz “Bakı Prosesi”nin 10-cu ildönümünü qeyd edirik. UNESCO ilə sıx tərəfdaşlıq edərək, biz “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq üzrə 4 dünya forumunu müvəffəqiyyətlə keçirdik və bu işi gələcəkdə də davam etdirməyə hazırıq".

Azərbaycanın birinci vitse-prezidenti vurğulayıb ki ki, insan potensialının inkişafı UNESCO-nun və Azərbaycanın böyük əhəmiyyət verdiyi digər sahədir: "Keyfiyyətli təhsil və mədəniyyət insan inkişafı üçün əsas elementlərdir və bu əhəmiyyəti nəzərə alaraq Azərbaycan “Ekspo 2025” Ümumdünya Sərgisini Bakıda keçirmək üçün namizədliyini irəli sürərək, “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu seçib. Təklifimiz qalib gələrsə biz bütün dünyanı Bakıya gətirməyə, dialoq və əməkdaşlığın mübadiləsi üçün həqiqətən universal platforma yaratmağa ümid edirik".

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan dünya mədəni irsinin qorunmasına və proaktiv humanitar siyasətə birbaşa töhfə verərək UNESCO-nun dəyər və ideallarına çox sıx bağlı olduğunu nümayiş etdirib: "İcazə verin, burada bir neçə misal çəkim. Qızlar üçün yeni məktəb inşa etməklə Azərbaycan 2005-ci ildə Pakistanın Müzəffərabad şəhərində dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinə töhfə verib. 2011-ci ilə UNESCO ilə bağlanan müqavilə əsasında biz, həmçinin zəlzələdən əziyyət çəkmiş Haitinin mədəni irsinin bərpasında iştirak etmişik. Azərbaycanın dünya mədəni irsinin təqdimatı və bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçelini və Piyetro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastyan katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox ölkələri əhatə edib”.

Qeyd edək ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi.Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir.Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix və adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı.Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu.Bununla yanaşı, Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi.Ümummilli Liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.

XÜLASƏ

Bizim milli və mənəvi dəyərlər və ənənələrimiz bizim üçün qiymətli sərvətdir. Qloballaşma şəraitində dəyərlərimizi yadlardan qorumaq dövlətimizin ali məqsədidir. Azərbaycan dəyərlərini qorumaqla dünyaya inteqrasiya edir. Baxmayaraq ki, Azərbaycan xalqı digər xalqların dinlərinə və adətlərinə hörmət edir, həmçinin o öz dəyərlərini saxlayır. Xalqımızın başqa xalqlar arasında assimiliyasiyaya icazə verməmək bizim borcumuzdur.