
Prezident İlham Əliyev keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovla bağlı sərəncam imzalayıb.
Sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.
AzEdu.az Dəniz Akademiyasının yeni rektoru Heydər Əsədovun dosyesini təqdim edir:
Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub.. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.
1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.
Ailəlidir. Üç övladı var.