Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə sənəd qəbulu mərhələsi yekunlaşıb. Bu il ilk dəfə olaraq müsabiqəyə sənəd qəbulu prosesi elektron qaydada www.grants.edu.az portalı vasitəsilə həyata keçirilib.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, martın 11-dən başlanılan prosesdə 1018 pedaqoji işçi və 270 ümumtəhsil müəssisəsi portalda qeydiyyatdan keçib. Onlardan 678 nəfər pedaqoji işçi və 200 ümumtəhsil müəssisəsi müsabiqəyə öz layihə təklifini göndərib.
Layihə təkliflərinin statusları haqqında məlumat müraciət edənlərin şəxsi kabinetinə göndərilib.
Hazırda layihə təklifləri ekspert qrupu tərəfindən qiymətləndirilir. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra müsabiqənin nəticələri ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

