
7 fevral 2017-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yeni rəhbərliyi tərəfindən işdən uzaqlaşdırdığını iddia edən Vidadi Fərzəli oğlu Hüseynovun müraciətinə universitetin mətbuat xidmətinin rəhbəri Mansur İbrahimov cavab verib.
AzEdu.az ADPU-nun redaksiyamıza unvanladığı cavab məktubu olduğu kimi təqdim edir:
“Azedu.az Təhsil Portalında 4 aprel 2019-cu ildə “Universitetdən uzaqlaşdırılan müəllim müraciət ünvanladı” sərlövhəli yazı dərc olunub. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) haqqında yazıda əks olunan fikirlər həqiqətdən uzaq, əsassız, yalan və böhtan xarakterli olduğu üçün aşağıdakıları bildirməyi özümüzə borc bilirik.
Vətəndaş Vidadi Fərzəli oğlu Hüseynov ADPU-da müəllim deyil, Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzinin Tədrisin keyfiyyətinin idarə olunması və monitorinq bölməsinin nəzarətçisi vəzifəsində işləyib. V.Hüseynovun 06.02.2017-ci il tarixli ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilib və onun əmək müqaviləsinə xitam verilib. V.Hüseynova qarşı heç bir haqsızlığa, ədalətsizliyə yol verilməyib. Aradan təxminən iki il keçəndən sonra V.Hüseynov bizə məlum olmayan səbəbdən məsələni ictimailəşdirərək təkrar ADPU-ya qayıtmaq fikrinə düşüb. Amma bunuda təəssüf ki, mövcud qaydalar və prosedurlar çərçivəsində deyil, təzyiq və ictimaiyyətdə yalnış rəy yaratmaq yolu ilə etmək istəyir. O, son bir neçə ay ərzində universitetə, ayrı-ayrı dövlət orqanlarına müraciət edərək 2017-ci ildə işdən haqsız çıxarıldığını iddia edərək, işə qaytarılmasını tələb edir. O, hətta həmyerlisi olan Lerik rayon sakinlərinidə bu prosesə qoşaraq, onlara yalnış məlumat verərək, onları öz “hüquqlarını müdafiə kampaniyasına” qoşmuşdur. Çox təəssüflər olsun ki, V.Hüseynov bununla hətta məsələni siyasiləşdirməyə çalışıb.
Bütün bu müraciətlərə ADPU dövlət ali təhsil müəssisəsi olaraq cavab verib, məsələnin əsl mahiyyətini əvvəlki açıqlamasında izah edib. V.Hüseynov işdən haqsızlıqla çıxarıldığını düşünürsə, bunun üçün ayrı-ayrı dövlət orqanlarına, xəbər portallarına deyil, məhkəməyə müraciət etməsi tövsiyə olunur. Yox, əgər haqsızlığa düçar olmadığını, amma ADPU-da əmək fəaliyyətini davam etdirmək istəyirsə, bunu qanunverciliyin tələblərinə uyğun etməsi təklif olunur.
Son illər ADPU-da təhsilin keyfiyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi, idarəetmənin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, insan resurslarının inkişaf etdirilməsi, pedaqoji və elmi-pedaqoji kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, aşkarlığın, şəffaflığın və obyektivliyin təmin edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün böyük islahatlar, yeniliklər, layihələr həyata keçirilir. ADPU–nun təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, tədqiqat universiteti statusunu qazanması üçün səmərəli məqsədyönlü fəaliyyət gerçəkləşdirilir. Bu səmərəli məqsədyönlü fəaliyyət ADPU-nun çoxminlik professor-müəllim heyəti və tələbə kollektivi, eyni zamanda ölkənin təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir.
Xüsusi qeyd etmək istəyirik ki, ölkəmizin bütün vətəndaşları dilindən, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim üçün eynidir və dəyərlidir. Belə olan halda reqionçuluğu, yaxud etnik mənsubiyyəti iddia etmək əsassızdır və ədalətsizlikdir. Belə həqiqətə uyğun olmayan müraciət isə minlərlə əməkdaşın işlədiyi universitetdə aparılan uğurlu yeniləşmə, müasirləşmə prosesinə kölgə salmağa çalışmaqdır.
Biz belə gerçəklikdən uzaq yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək, universitetin rəhbərliyinin şərəf və ləyaqətinə kölgə salmaq cəhdi kimi qiymətləndiririk. İctimaiyyətin, xüsusilə də, ictimai rəyin ölkədə aparılan islahatlara dəstəyi olduqca vacibdir. Belə yoxlanılmadan dərc edilən yazılar universitetin bütün kollektivində böyük narazılıq və təəssüf hissi doğurur və yolverilməzdir. Buna görə də hörmətli media təmsilçilərindən xalqın, dövlətin strateji fəaliyyət sahəsi olan təhsil sahəsi ilə bağlı yazılar dərc edərkən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na uyğun olaraq daxil olan məlumatları tam və hərtərəfli araşdırmağı, yoxlanılmadan dərc edilməməsini xahiş edirik".
ADPU - nun rəhbərliyi tərəfindən işdən uzaqlaşdırdığını iddia edən Vidadi Fərzəli oğlu Hüseynovun saytımızda dərc olunan müraciətlə aşağıdakı linkdə tanış ola bilərsiz:
http://azedu.az/az/news/13224?fbclid=IwAR3SMbMVntkFOKbPr_vNXOOLC_scdGbn_tLjSg9enIr4CPbBLp0jewrvxjI