
“Dil sertifikatı və ya hazırlıq keçmədən yalnız attestatla xarici ölkə universitetlərində bakalavr dərəcəsinə qəbul olmaq mümkün deyil”.
Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib. O, dil hazırlığının bakalavr təhsilinin tərkib hissəsi olmadığını vurğulayıb:
“Dil hazırlığında təhsil alanlar bakalavr dərəcəsində oxumadıqları üçün onlara hərbi xidmətdən möhlət hüququ verilmir. Amma onu da qeyd edim ki, bütün xarici ölkə universitetləri əcnəbi tələbələri attestatla-imtahansız qəbul edir.Ümumiyyətlə, xaricdə oxumaq istəyən gənclər təhsil aldıqları ölkənin dilini bilməlidir. Çünki dil biliyi olmayan tələbələr təhsilin ali səviyyəsində oxuya bilməz. Məhz ona görə, xarici ölkə universitetlərində təhsil almaq istəyən gənclərin dil sertifikatı olmalı və ya hazırlıqdan keçməlidirlər. Çünki, universitet orta məktəb deyil ki, əlifbanı öyrətsin...
Həsən Əliyev bildirib ki, xarici ölkə universitetlərinə attestatla daxil olmağın digər qəbullardan heç bir fərqi yoxdur:
“Dünyanın bütün ölkələrində imtahan verərək attestat əldə edilir. Xarici universitetlər yerli tələbəni əcnəbidən seçmək üçün attestatla qəbul prosesi aparır. Azərbaycanlı abituriyent ali məktəbə qəbul olması üçün DİM imtahanından uğurla keçməlidir. Amma Afrikalı tələbə isə DİM imtahanında iştirak etmədən Azərbaycan universitetlərində təhsil ala bilər.Yəni əcnəbi tələbələr attestat qiymətlərinin nəticələri ilə Azərbaycan universitetlərində təhsil alır. Dünya universitetlərinin 90%-i tələbəni attestatla qəbul edir. Çünki, yerli imtahanı beynəlxalq tələbənin uğurla verməsi qeyri-mümkündür. Amma bəzi top universitetləri var ki, beynəlxalq imtahan nəticəsi ilə tələbələri qəbul edir. Xarici ölkə universitetlərinə attestatla daxil olmağın digər qəbullardan heç bir fərqi yoxdur”.