
Paytaxtın Yasamal rayon Hüseyn-Cavid prospektində yol-nəqliyyat hadisəsi baş verib. “Chrysler” markalı maşın yolun kənarı ilə gedən Azərbaycan Texniki Universitetin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazlı İlkin Bəxtiyar oğlunu vurub.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev hadisə ilə bağlı AzEdu.az-a açıqlama verib.
N.Abdullayev hadisənin universitetin qarşısındakı yolda baş verdiyini deyib:
“Aftomobil hərəkətdə olarkən yolun kənarı ilə gedən tələbəmizi vurub. Tələbə Nəqliyyat fakültəsinin üçüncü kursunda təhsil alır. Hazırda 1 saylı tibbi mərkəzdədir. Ağır kəllə-beyin travması ilə əməliyyat olunub. Hələ ki, universitet kollektivi olaraq, xəbər gözləyirik. Ümid edirik, vəziyyəti yaxşı olar.”
Qeyd edək ki, Səhiyyə Nazirliyindən isə bildirilib ki, xəstə reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Şükufə Süleymanlı