Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-09 13:43:00
Universitetdən narazı müəllim və ona verilən rəsmi cavab–Kim haqlı, kim haqsız?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq fransız dili müəllimi Mətanət Abbasova  redaksiyamıza ali məktəbdən şikayət məktubu ünvanlayıb.

 Müəllim məktubda ADPU-nun rəhbərliyi tərəfindən əmək müqaviləsinə haqsız yerə xitam verildiyini qeyd edib.

 AzEdu.az şikayətin ümumi məzmununu diqqətə çatdırır:

“Mən, Abbasova Mətanət Xosrov qızı, 1961-ci ildə Bakı şəhərində anadan olmuş, 1968-1978-ci illərdə orta təhsil, istehsalatdan ayrılmadan 1985-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil almışam. Müxətlif müəssisələrdə işlədikdən sonra,  2000-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda metodist-müəllim vəzifəsində çalışmışam.

Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetə qoşulması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən mən ixtisasıma uyğun olaraq 2016/2017-ci tədris ilində ADPU-nun “Xarici dillər və onların tədrisi metodikası” kafedrasına 0,5 ştat fransız dili müəllimi vəzifəsinə qəbul olunmuşam.

 Adıçəkilən kafedraya israrla müəllim təyin olunduğumdan hər şey də ordan başladı.

Kafedra müdiri L.Vəzirovanın mənə təklifi ilə 09-16.12.2016-cı il tarixinə kimi baş müəllimlər L.Mehdiyeva və F.Əmirbəyovanın fransız dili fənnindən apardıqları seminar məşğələlərini əvəz etmişdim. Dövlət sənədi olan qrup jurnallarının yazılmasına baxmayaraq əvəz etdiyim 14 saatın saathesabı şəklində ödənilməsinə fakültə dekanı  B.Xəlilov icazə verməyib.

Bu qanunsuzluqlar azmış kimi, mənə 2016/2017-ci dərs ili üzrə təqdim olunan dərs yükündə fransız dilini tədris etdiyim qrupların imtahanlarına buraxılmağıma icazə verilməyib.

Mənə qarşı yönəlmiş bu mövqesizlik nəticəsində bugünədək mən çörəksiz qalmışam. Bu məsələlərin obyektiv həlli ilə bağlı dəfələrlə rəhbərliyə müraciət etsəm də, müraciətlərim nəticəsiz qalıb.

Baş verənlərlə bağlı rektora yazılı müraciətlər olunduqca mənə edilən mənəvi təzyiqlər daha geniş vüsət aldı.

İşləməyə ehtiyacım olduğunu və kafedraya tam ştata keçmək niyyətimi ADPU rəhbərliyinə yazılı şəkildə müraciət etdikdə (çünki rektora yazılan ərizələr əvvəllər Aftandil Bayramovun əlindən keçməli idi) “İnsan resursları şöbəsi”nin sabiq müdiri A.Bayramovun mənə “Müəllimə, müsabiqədə iştirak edin. Nəticələrə görə müraciətinizə baxılar” deməsi, məndə hardasa obyektivliyin olduğuna əminlik yaratmışdı. Hərçənd ki, ADPU məkanında “obyektivlik, şəffaflıq, ədalətlilik və məqsədəmüvafiqlik” prinsiplərinin həyata keçirilməsinə heç bir halda rast gəlinə bilməz.

Bu təhsil ocağında baş verən qanunsuqluqlardan və hərcmərciliklərdən xəbərdar ola-ola yenə də nikbinliyə qapılıb Pedaqoji Universitetdə professor, dosent, baş müəllim, müəllim vəzifələrinin tutulması ilə əlaqədar keçirilən “müsabiqə”də iştirak etməyimə qərar verdim, çünki məni əhatə edən çevrəmin və mənim təvazökarlıqdan uzaq da olsa demək istədiyim bir fakt ondan ibarətdir ki, öz qabiliyyətimə, pedaqoji, psixoloji və metodiki hazırlığıma əminliyim bu addımı inamla atmağa təhrik etdi.

Lakin yuxarıda sadaladığım problemlər şübhəsiz, “müsabiqə”nin nəticələrində də özünü göstərməli idi. Belə ki, keçirilən “Açıq dərs” oyunundan 47,13 balla qiymətləndirildim. Bununla əlaqədar Fakültə Metod Şurasının çıxartdığı qərardan narazı olduğumı bildirdim.

Fakültə Metod Şurasının iştirakı ilə “Açıq dərs”imin yenidən təhlil olunması üçün ADPU-nun rektoru C.Cəfərova 06.07.2017-ci il tarixdə ərizə ilə müraciət etmişdim.

Ünvanladığım ərizəyə cavab olaraq 21.07.2017-ci il tarixdə ADPU-nun “baş hüquqşünas”ı Z.Nağıyevin imzası ilə mənə heç bir fakta əsaslanmayan məktub təqdim olundu.

Nəhayət, rektorun qəbulunda olarkən mənim, Şura üzvlərinin iştirakı ilə dərsimin müzakirəsinin keçirilməsi və bu prosesin videoya alınmasını xahiş etdim.

 04.10.2017-ci il tarixdə Zahid Xəlilin sədrliyi ilə keçirilən müzakirədə fransız dili ilə bağlı olan yeniliklərdən hələ də xəbərdar olmadığını hər çıxışında Şura üzvü Səidə Dadaşova bildirirdi. Mən bunu gördükdə müzakirəyə təcrübəli fransız dili müəlliminin dəvət olunmasını istədim. Belə bir “müəllim”in Metod Şura üzvü olması bir anlıq insanda təəccüb və təəssüf hissi doğurur!!! Nəzərinizə bir faktı da çatdırım ki, mənim gətirdiyim dəlillərə hər vəchlə, təzyiqlə müdaxilə olunurdu. Prosesin gedişindən məsələyə qərəzli mövqe açıq-aydın görünürdü.

Dərsə tam baxıldıqdan sonra Şura üzvləri hamısı bir ağızdan “müəllimlərə verilən ballardan bizim xəbərimiz yoxdur. Biz yalnız bizə təqdim olunan dərsləri meyarlara görə kağız üzərində təhlil etmiş və onlar sonradan Tədris şöbəsinə təhvil verilmişlər. Ballar da orada hesablanıb və elan olunub” deməsi hər şeyin güzgü kimi aydın olmasından xəbər verirdi.

Göründüyü kimi, iradını bildirən müəllimin işdən uzaqlaşdırılmasına bəhanə axtarılır-çox sadə yol “müsabiqə” və bu zaman, sözsüz ki, hədəf olaraq dekan və kafedra müdirinin təqdimatı əsas götürülür. Bəs müəllimin savadı və erudisiyasına ehtiyac yoxdurmu? Və yaxud müəllimə qarşı yönələn qərəzli mövqe ilə dərsin 33 meyar əsasında üzə çıxmayan naməlum təhlili, bir metodist-müəllimin yerli və beynəlxalq təhsil sahəsində qram-qran qazandığı çoxillik təcrübəsinə, fəaliyyətinə bir anda necə xitam verilə bilər?

ADPU-ya işə daxil olduğum gündən tənha ana və ailə başçısı olaraq başqa yerdən gəlirimin olmadığını dəfələrlə ADPU rəhbərliyinin diqqətinə şifahi və yazılı formada müraciət edərək çatdırmışam. Olunan müraciətlərə baxmayaraq məni nəinki 0,5 ştatdan bir ştata keçməyimə köməklik göstərilməyib, hətta 15 sentyabr 2017-ci il tarixdən Azərbaycan Respublikası ƏM-in 68-ci maddəsi ilə əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən  əmək müqaviləsinə xitam verilib”.

AzEdu.az məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənib. ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov açıqlamasında bildirib ki, Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq AMİ-nin müəllimləri ADPU-da işlə təmin olunublar:

“AMİ-də metodist vəzifəsində işləmiş M.Abbasova ADPU-nun 15 sentyabr 2016-cı il tarixli 172 nömrəli əmri ilə bir il müddətinə, müsabiqə keçirilənədək Filologiya fakültəsinin Xarici dillər və onların tədrisi metodikası kafedrasına 0,5 ştat müəllim vəzifəsinə təyin olunub. M.Abbasova müraciətində 2016-cı il dekabrın 16-da ADPU-nun baş müəllimləri L.Mehdiyevanın və F.Əmirbəyovanın qruplarında (104 T və 106 R) fransız dili fənnindən seminar məşğələlər apardığını qeyd edir. M.Abbasova həmin dərsləri ictimai əsaslarla keçdiyindən (bu barədə rəsmi əmr olmadan) əvəz etdiyi dərslərin saathesabı şəklində ödənilməsi məqsədəuyğun hesab edilməyib.

Məlumat üçün qeyd edək ki, ADPU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasında vakant müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə M.Abbasova da iştirak etsə də, uğur qazana bilməyib. Buna görə də müsabiqədən uğurla keçmiş müəllimlə ADPU arasında  5 illik əmək müqaviləsi bağlanılıb.

Müsabiqədən keçməməsi ilə bağlı M.Abbasova universitet rəhbərliyinin və ADPU-nun aidiyyəti üzrə müvafiq məsul şəxslərinin qəbulunda olub. Onun müraciətini araşdırdıqdan sonra ADPU tərəfindən M.Abbasovaya 21.07.2017-ci il tarixdə yazılı və şifahi cavablar verilməsinə baxmayaraq, ərizə ilə müxtəlif dövlət orqanlarına müraciət etməkdə davam edib. Sonuncu dəfə onun ərizəsi araşdırılaraq müsabiqə nəticələrinin yetərsiz olması ona izah olunub. Hətta ərizəçiyə bildirilib ki, keçirilmiş müsabiqənin nəticələri onu razı salmırsa, buyurub məhkəməyə müraciət edə bilər. Əmək hüququ pozulan şəxs hüququ pozulduğu gündən bir ay müddətinə Əmək Məcəlləsinin 50-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq məhkəməyə müraciət edə bilər. M.Abbasova isə mediada subyektiv fikirlərini, şəxsi mülahizələrini bildirir.

Onu da qeyd etmək istəyirik ki, M.Abbasovanın eyni mahiyyətli ərizələri araşdırılaraq 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə və Təhsil Nazirliyinə  müvafiq yazılı cavablar  verilib.

ADPU ilə M.Abbasova arasında bağlanılmış müddətli əmək müqaviləsinə 14.09.2017-ci il tarixli 836-K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 b bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verilib. M.Abbasovaya qarşı heç bir haqsızlığa, ədalətsizliyə yol verilməyib və onun hüquqları pozulmayıb”.