
Aprelin 4-də Bakı şəhər Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intiharı mediada kifayət qədər müzakirə olundu. Bu gün isə məktəblinin intihar anlarını əks etdirən video gündəmi zəbt etməkdədir.
AzEdu.az bu kimi görüntülərin mediada yayımlanmasının nə dərəcədə zərərli olmasını, etik kodekslərə nə dərəcədə sığıb-sığmadığını öyrənmək üçün məsələyə Mətbuat Şurasının mövqeyini öyrənib.
Şuranın sədr müavini Müşfiq Ələsgərli bildirib ki, bu kimi hallar jurnalistlərin peşə davranış qaydalarında da öz əksini tapıb. İntihar, terror halları ilə bağlı detalların, xüsusilə də gənclərdə meyil yaradacaq nüansların yayımı qəti qadağandır:
“Bu, yolverilməzdir. Səbəbləri isə kifayət qədər izah olunub. Hazırda sosial şəbəkə istifadəçiləri arasında yetkinlik yaşına çatanlar da, çatmayanlar da var. Bu, ciddi problem yarada bilər. Belə hallar Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının III prinsipi ilə məhdudlaşdırılaraq, qadağan edilib.
Bu kimi hallar dəfələrlə olub və bəzi kütləvi informasiya vasitələrinə xəbərdarlıq edilib. Onlara belə görüntülərin yayımının yolverilməzliyi bildirilib. Bu,qəti şəkildə pislənməlidir”.
“Hazırda yayılan görüntülərlə bağlı hansı media qurumlarına xəbərdarlıq olunub?” sualına isə sədr müavini belə cavab verib:
“Mətbuat Şurasının işi məsələyə konkret müraciətlər əsasında baxmaqdır. Bununla bağlı qəti müraciət olmadığına görə, tədbir görə bilmirik. Amma bu, ən azından Mətbuat Şurasının sədri və təmsilçilərinin açıqlamalarında öz əksini tapıb. Zənnimcə, bu, kifayət edir. Qəti ölçü götürmək isə hüquq mühafizə orqanları və bu sahəyə nəzarət edənlərin işidir”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqda məktəblinin intiharı ilə bağlı açılmış cinayət işi üzrə istintaq davam etdirilir.