
Lənkəran Dövlət Universitetində (LDU) Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təşkilatçılığı ilə “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda konfrans keçirilib.
AzEdu.az xəbər verir ki, DTX-nin məsul əməkdaşlarının, LDU-nun professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri konfransı universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq dövlət təhlükəsizlik orqanlarının tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik, sabitlik və tərəqqi siyasətinin uğurla həyata keçirilməsindən bəhs edən professor Natiq İbrahimov bildirib ki, gənclər hər zaman ölkənin milli mənafeyini qorumalı, təhsil və davranışları ilə nümunə olmalı, vətənin inkişafı naminə əzmlə çalışmalıdırlar.
DTX-nin məsul əməkdaşı Tural Məmmədov “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda geniş məruzə edib. Məruzəçi təhlükəsizlik orqanlarının keçdiyi bir əsrlik şərəfli yoldan ətraflı söz açıb, bildirib ki, bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasını ulu öndər Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradıb.
T.Məmmədov konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlərlə üzləşmək və digər təhlükələr ölkənin hər bir vətəndaşından ayıq- sayıq olmağı tələb edir. Məruzəçi ölkədəki sabitliyi, milli birliyi və tolerantlığı qorumağı hər bir gəncin ali vətəndaşlıq borcu adlandırıb. Bildirib ki, ölkənin ziyalı gənclərinin toplaşdığı qurumlarda, ali təhsil müəssisələrində keçirilən tədbirlər maarifləndirmə məqsədi daşıyır və ölkənin təhlükəsizliyinə xidmət edir. Dövlət Təhlükəsizlik Xİdmətini hər bir dövlətin onurğa sütunu adlandıran DTX rəsmisi Beynəlxalq Tranzit Xətttinin üzərində yerləşən, müstəqil siyasət yeridən,öz milli, iqtisadi, siyası, mənəvi maraqlarını qorumaq istiqamətində böyük uğurlar əldə edən Azərbaycan dövlətinə qarşı xarici və onların dəstəklədiyi daxili qüvvələr tərəfindən daim hücumların,təxribatların olduğunu və onların qarşısının xidmət orqanları tərəfindən uğurla alındığını bildirib. Tural Məmmədov son illərdə ölkədə və dünyada baş vermiş hadisələr əsasında xaricdən maliyyələşən qüvvələrin ölkəmizdə daxili sabitliyi pozmaq məqsədilə əl atdığı təxribatlardan danışıb,gəncliyi təhrikedici çağırışlara, təkliflərə uymamağa çağırıb.
Konfransda DTX-nin yaranmasının 100 illiyinə həsr edilmiş videofilm nümayiş olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb