
Azərbaycan Kooperasiya Universitetində Narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva bu istiqamətdə Kooperasiya Universitetində mütəmadi olaraq aparılan təbliğat işlərindən söz açıb. Çıxışı zamanı natiq gəncləri narkomaniya bəlasından uzaq olmağa, onları Azərbaycanın sosial yüksəlişi, parlaq gələcəyi naminə gənc nəslin nümayəndəsi olaraq sağlamlıqlarını qorumağa və pis vərdişlərdən uzaq olmağa çağırıb. Aygün Quliyeva bu kimi halların qarşısının alınmasının yeganə yolunun gənclərin daha yaxşı təhsilə yiyələnməsində gördüyünü bildirib.
Sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi polis polkovniki Adıgözəl Adıgözəlov çıxış edib. O, çıxışında təmsil etdiyi qurumun gənclərlə apardığı xidməti fəaliyyətdən söhbət açıb. Narkomaniyanın təkcə bir nəfəri deyil, yüzlərlə insanı ağuşuna almasını əsl fəlakət adlandırıb.
Tədbirdə həmçinin BŞBPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şirəli Babayev, BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis polkovniki Məryəm Ömərova, həmin bölmənin baş inspektoru polis mayoru Kəmalə Ələkbərova çıxış ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.