
Hazırda çoxları şagirdlərin özünüifadə bacarıqlarının çox aşağı səviyyədə olmasından gileylənir. Bunun kökünü isə əsasən bədii ədəbiyyat oxumamaqda görürlər.
Bəs, hazırki tədris proqramı, ali məktəbə qəbul qaydaları və dərs yükü şagirdlərə mütaliə üçün nə dərəcədə şərait yaradır?
“Şagirdlərin şifahi nitqi telekanalların, yazdıqları mətn isə elektron yazışmaların dilinə uyğunlaşıb. Onların öz aralarındakı telefon yazışmalarını oxuyanda dilimizin tamamilə bərbadlaşdığının şahidi oluram”
Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şahnazxanım Şükürzadə şagirdlərin mütaliədən uzaqlaşmasının acı nəticələrini bu cür sadalayır...
Şagirdlərin uçurumdan xəbər verən dili: “Təşəkkür əvəzinə “tşk”,“sağ ol” əvəzinə “bay”...
Onun fikrincə, bugünkü şagirdlərin bədii ədəbiyyat oxumağa meyil və maraqları yoxdur. Yalnız ev tapşırığını yerinə yetirməklə öhdələrinə düşən bitirdiklərini düşünürlər. Bunun səbəbini isə gənc müəllim kifayət qədər detallı izah edir:
“Səbəbi çox sadədir: Sosial şəbəkələr yeniyetmələrin həyatını “işğal edib”. Bədii ədəbiyyat oxumamaları onların nitq vərdişlərini ləngidir. İstənilən şagirdin təqdimatını dinlədikdə həddindən artıq fonetik, qrammatik və üslubu səhvlər müşahidə edirəm. Adətən, onların şifahi nitqi telekanalların, yazdıqları mətn isə elektron yazışmaların dilinə uyğun olur. Şagirdlərin öz aralarındakı telefon yazışmalarını oxuyanda isə dilimizin tamamilə bərbadlaşdığının şahidi oluram. Məsələn, "təşəkkür edirəm" əvəzinə “tşk”, “oldu” əvəzinə “ok”, “sağ ol” əvəzinə “bay”, “imtahan” əvəzinə “imt” və s.
Bədii əsər oxumadıqca söz ehtiyatları zəifləyir. Sözlərin müxtəlif mənalarını və çoxmənalılığını yadırğayır və tədricən unudurlar”.
“Kitablar qatı açılmamış, təptəzə qalıb”
Şahnazxanım müəllim şagirdləri bu uçurumdan qaytarmaq üçün onlara ədəbiyyat siyahısı verir. Çalışır ki, həmin siyahı şifahi xalq ədəbiyyatını, klassik ədəbiyyatı, müasir dövr ədəbiyyatını və xarici ədəbiyyatı əhatə etsin:
“Kitabxanadan həmin əsərləri tapıb oxumalarını tapşırır, həvəsləndirmək məqsədilə yarışlar da təşkil edirəm. Yarış sualları həmin əsərləri əhatə edir”.
Amma görünən odur ki, bu da kifayət etmir. “Verilən ədəbiyyatları yalnız həvəskar uşaqlar oxuyurlar. Kitabxanalardakı kitablar qatı açılmamış, təptəzə qalır” – O, əlavə edir...
“Bəzən şagirdlərimin müəyyən problemləri, daxili sıxıntıları olduğunu hiss edirəm. Belə uşaqlar özlərinə qapanır, çıxış yolunu internetdə səmərəsiz vaxt keçirməkdə görürlər. Sanki onlar burada ehtiyacları olan hər şeyi tapa bilirlər. Bu, şagirdləri mütaliədən uzaqlaşdırır. Əlavə vasitələri oxumağa nə maraq, nə də vaxtları qalmır”.
“Oxumağı təcili əyləncəli hala salmaq lazımdır”
O, şagirdlərini mütaliə ilə barışdırmaq üçün onlara kitab da hədiyyə edir. Amma tədris proqramının ağırlığı yeniyetmələrlə kitab arasına müəyyən sədd çəkib:
“Dərs yükünün ağırlığı da uşaqları oxumaqdan bezdirir. Oxumağı təcili olaraq yorucu deyil, əyləncəli hala salmaq lazımdır. Əvvəlki nəsillər boş vaxtlarını kitab oxumaqla dəyərləndiriblər. İndikilər isə kitaba qəti maraq göstərmirlər”.