
“Əvvəlki məzunlarla indikilər arasında Yerlə Göy qədər fərq var”
Bu sözləri AzEdu.az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib. Hazırda həm də Bakı Dövlət Universitetində də dərs deyən Kamilə xanım tələbələrin qarşısında məsuliyyətinin bu gün daha artdığını bildirib. Bunun səbəblərini isə belə izah edir:
“Əvvəlki dövrlə müqayisədə bugünkü tələbələrin intellekt səviyyəsi daha yüksəkdir. 30 ildir, Bakı Dövlət Universitetində dərs deyirəm. Təcrübəmə əsaslanaraq deyə bilərərm ki, əvvəlki məzunlarla indikilər arasında Yerlə Göy qədər fərq var. XXI əsr kompüter, informasiya əsri olduğundan bu gün tələbələrmizin istənilən sahədə fikirləri daha orijinal, daha rəngarəngdir. Buna görə də indi auditoriyadakı məsuliyyətim daha da artıb. İxtisasları ilə bağlı əlavə məlumatlar əldə edib, müəllimə sual verirlər. Biz də internet qaynaqlarına baxıb, daim hazırlıqlı olmağa çalışırıq. Amma əvvəllər belə deyildi: quru auditoriya və quru dərslər... O dövrdə ədəbiyyatlar da, tələbələrin dil biliyi də aşağı idi. Buna görə də müəllimlər mühazirəni yazdırmaq məcburiyyətində idi. Dərsə girib, tələbələrlə heç bir ünsiyyət qurmadan mühazirəni oxuyurduq, onlar da yazırdılar. Dərs bundan ibarət idi”.
“İstər dövlət, istərsə də özəl müəssisələrdə ixtisaslı kadrlara həmişə yaşıl işıq var”
Tələbələri savadlı kadr kimi formalaşmağa çağıran xanım deputat onlara ilk olaraq xarici dil öyrənmələrini məsləhət görür:
“Bugünkü tələbələrə arzum ixtisaslı kadr kimi yetişmələridir. Çünki istər dövlət, istərsə də özəl müəssisələrdə ixtisaslı kadrlara həmişə yaşıl işıq var. Bu gün istənilən sahədə rəqabət mövcuddur. Əgər yaxşı biliyin varsa, savadlı məzunsansa,sənin üçün iş tapmaq problem olmayacaq. Hazırda iş yerlərinin sayı da artır. Bu gün istənilən ixtisasa uyğun iş yeri var. Bunun üçün savadlı kadr olmaq kifayətdir. İstər tibb, istər texniki, istərsə də başqa bir sahədə tələbələr öz ixtisaslarının peşəkarı olmalıdırlar.
Tələbələr bunu anlamalıdır ki, onlar nə müəllim, nə də valideynləri üçün oxuyurlar. Yalnız özləri, gələcəkləri üçün oxuyurlar. Mən bunu tələbələrimə də deyirəm: Yaxşı gələcəyinizin olmasını istəyirsinizsə,daim üzərinizdə işləməlisiniz. Bu gün bir çox sahədə, xüsusilə də, təhsildə Avropaya inteqrasiya edirik. Xarici dillərdən heç olmasa birini, xüsusilə də ingiliscəni bilmək çox vacibdir. Bu gün ingilis dilini bilməyən insan ətrafa inteqrasiya edə bilmir. Xarici ədəbiyyatların öyrənilməsində, məlumatların əldə edilməsində dil bilgisi, xüsusilə də ingiliscəni bilmək çox vacibdir. Əgər Avropaya inteqrasiya edib, yeni nailiyyətlər qazanmaq, elmimizi, beynəlxalq səviyyədə önəçıxartmaq istəyiriksə, ilk növbədə, tələbələrimizin mütləq dil bilgisi olmalıdır”.
“Bu gün bilikli, müasir texnologiyalarla işləməyi bacaran gənclərin iş tapmaları üçün geniş imkanlar yaradılıb”
Deputat Elman Nəsirov bu gün gənclərin inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib:
“İndiki gənclərə özünü həyatda təsdiq etmək üçün daha geniş imkanlar yaradılıb. Bu ilin fevralın 1-də Prezident İlham Əliyev “Gənclər günü” ərəfəsində onlarla möhtəşəm bir görüş keçirdi. Bu zaman o, söylədiyi proqram xarakterli nitqdə gənclərin yalnız elm, biliklə özlərini sübut edə biləcəklərini bildirdi. Bu gün bilikli, müasir texnologiyalarla işləməyi bacaran gənclərin iş tapmaları üçün geniş imkanlar yaradılıb. Əvvəllər imkanlar daha az idi. Hazırda Azərbaycanı bütün dünyada tanıyırlar.“F1” oyunları yenidən Bakıda keçirələcək və yarım milyarda yaxın insanın ürəyi Bakıda döyünəcək. Belə bir şəraitdə, gənclərin üzərinə çox iş düşür. Dövlət başçısı da daim gənclərlə bağlı işlər görür. 3 Dövlət Proqramı qəbul olunub, 40 Gənclər Evi, 44 olimpia idman kompleksi, Gənclər Fondu fəaliyyət göstərir. Bunların hamısı gənclər üçün yaradılmış imkanlardır.
“Tələbələr öz bilik və bacarıqlarını ifadə etməkdə çətinlik çəkirlər”.
O, bugünkü gənclərdə əzbərçiliyə daha çox rast gəldiyini də deyir:
“Son dövrlərdə gənclərdə bəzi mənfi halllarla rastlaşıram. Onlarda testlərin təsiri iləəzbər və hafizəyə söykənən bilik özünü göstərir. Tələbə bəzən imtahandan çıxandan sonra hətta sualları belə unudur. Bu baxımdan, analitikaya söykənən bilik və vərdişlər əldə etmək daha yaxşıdır. Bəzən tələbələrlə qeyri-rəsmi formada davranmaq onların inkişafına müsbət təsir edir. Bu baxımdan, mən onlarla müəllim kimi yox, kolleqam olaraq davranıram.
Bu gün tələbələr öz bilik və bacarıqlarını ifadə etməkdə çətinlik çəkirlər. Belə ki, onlar bütün imtahanda yüksək nəticə göstərsələr də onlar müəllimlə qarşılıqlı mühakimə edə bilmirlər.
Bizim vaxtımızda tələbələrə inşalar,sərbəst mövzular verərdilər. Testlərə qarşı deyiləm. Sadəcə olaraq, testlərin quruluşunu dəyişmək lazımdır ki, hazırda da bu istiqamətdə işlər gedir”.
Rəna Nəbi