
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu artıq yekunlaşıb. Bu müsabiqədə uğur qazanan 574 şagird isə final mərhələsinə vəsiqə qazanıb.
AzEdu.az xəbər verir ki, onlardan biri də Ağstafa rayon Asif Abdullayev adına 2 saylı tam orta məktəbin XI sinif şagirdi Nəzrin Həsənovadır. O, bu olimpiadalarda Biologiya fənni üzrə iştirak edir.
“Rayon yerində olimpiadaya hazırlaşmaq bir az çətindir. Çünki olimpiadaya hazırlıq materiallarını yalnız universitetdən əldə edə bilirik. Olimpiada sualları da orta məktəbdə keçirilənlərlə uzlaşmır”
Olimpiadanın rayon turunda 25 sualdan 22-ni düzgün cavablayaraq Respublika mərhələsində iştirak hüququ qazanıb. Şəmkirdə keçirilən növbəti turda da yaxşı nəticə göstərərək respublika mərhələsinin finalına vəsiqə qazanıb:
“Müəllimlərimin diqqəti və valideynlərimin zəhməti sayəsində növbəti tura hazırlaşmaq üçün özümdə stimul toplayıram. Bu mərhələyə də həvəslə hazırlaşıram.
Finala vəsiqə qazandığımı eşidəndə çox sevindim. Çünki müəllimlərimin etimad və ümidlərini boşa çıxarmamışdım. XI sinifdə oxumağımı nəzərə alsaq, bu nailiyyətim imtahanqabağı mənə böyük motivasiya oldu. Müəllim və valideynlərim də ən azından mənim qədər sevindilər”
“Dövrümüzdə insanlara can sağlığından daha dəyərli heç nə verə bilmərəm”
O, özünü gələcəyin savadlı həkimi kimi görür. Bu peşənin sirlərinə yiyələnmək əsas arzuları arasında yer alır. Əsas istəyi isə tələbəlik illərini boşa xərcləməmək, vaxtını səmərəli keçirməkdir:
“Həm çətin, həm də şərəfli sənətdir. Məncə, dövrümüzdə insanlara can sağlığından daha dəyərli heç nə verə bilmərəm…
Bütün abituriyentlər kimi mən də xəyalında olduğum tələbəliyi doya-doya yaşamaq istəyirəm. Məqsədimə çatmaq üçün mütləq yüksək bal toplamalıyam. Bunun üçün gecə-gündüz çalışıram. Təki bir gün Azərbaycan Tibb Universitetinin tələbəsi olum”.
“Həm qəbul imtahanlarına, həm də olimpiadaya hazırlaşmaq adamı yorur”
Onun sözlərinə görə, rayon yerində olimpiadaya hazırlaşmaq asan məsələ deyil:
“Olimpiadaya hazırlaşmaq üçün vəsaitləri müəllimlərimin köməyi ilə əldə etdim. Düzü, rayon yerində bu, bir az çətindir. Çünki olimpiadaya hazırlıq materiallarını yalnız universitetdən əldə edə bilirik. Olimpiada sualları da orta məktəbdə keçirilənlərlə uzlaşmır. Həm qəbul imtahanlarına, həm də respublika mərhələsinə hazırlaşmaq adamı çox yorur. Amma nəticəsini görəndə bütün yorğunluqlarımı unuduram.
Orta məktəb dərslərini qavramayan şagird olimpiada sualları ilə beynini yora bilməz. Bu suallar insana beynin gimnastikası kimi təsir bağışlayır. Çünki orta məktəbdə tədris olunanlardan qat-qat yorucu və fərqli olurlar. əsas fərq isə məktəb illərində ümumiyyətlə eşitmədiyimiz terminlərdən istifadə olunmasıdır. Termini görən şagird həmin sualdan qaçmağa vadar olur. Amma o suala səlis və məntiqi yanaşsa, göründüyü qədər çətin olmadığını anlayar”.
“Şagird beynini yorsa, nəticə əldə edə bilər”
Nəzrin Həsənova olimpiada suallarının tərtibatından da olduqca razıdır:
“Keçənilki olimpiada nəticələri ilə də maraqlanmışam. Qiymətləndirmə meyarları barədə məlumatlıyam. Suallar isə düşündürücüdür, xüsusi məntiq, dünyagörüşü tələb edir. Suala yeni baxanda şagird yaz abilməyəcəyini düşünür. Amma bir az fikirləşib, beynini yoranda nəticə əldə edə bilir”
O, olimpiadada ilk dəfə iştirak etməsinə baxmayaraq, qiymətləndirmə ilə yanaşı digər proseslərin də tam şəffaf keçirildiyindən əmindir:
“Olimpiadanın gedişində heç bir neqativ halla rastlaşmamışam. Şəffaflıq tam təmin olunmuşdu. Olimpiadalar şagirdi məntiqi düşüncə və dünyagörüşünün inkişafı baxımından çox vacibdir.
Olimpiada üçün addım atan bütün məktəblilərə bu yolda uğur diləyirəm”.
Qeyd edək ki, yarımfinal turunda hər fəndən sualların ən azı 70%-ni düzgün cavablamaq şərtilə ən yüksək nəticə göstərən aşağı yaş qrupu üzrə 20, yuxarı yaş qrupu üzrə isə 40 şagird final mərhələsində vəsiqə qazanır.
Respublika mərhələsinin final turunda şagirdlərə yaş qrupları nəzərə alınmaqla 5-7 sual təqdim olunur və cavablamaq üçün 3-4 saat vaxt ayrılır.