
Tələbə gənc rəssam öz əsərinin (rəsm) qəhrəmanı ilə görüşüb.
AzEdu.az xəbər verir ki, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin birinci kurs tələbəsi Məlyekəxanım Həmidova Milli Məclisdə deputat Aydın Mirzəzadə ilə görüşüb.
Millət vəkili gənc rəssama yaradıcılıq fəaliyyətində, gələcək işlərində, təhsilində uğurlar arzulayıb:
“Sizin fəaliyyətinizi bir neçə ildir ki, sosial şəbəkələrdən izləyirəm. Rəsmlərinizi bəyənirəm, təqdir edirəm. Mənim özümün də uşaqlıqdan rəsmə, rəssamlığa böyük həvəsim olub. Rəhmətlik atamın da gözəl rəssamlıq, əl qabiliyyəti olub. Ümumiyyətlə, ailəmizdə, yaxınlarımızda rəssamlığa böyük həvəs, maraq olub, var. Bəlkə də atam, valideynlərim üstündə bərk dayansaydılar, təkid etsəydilər mən rəssam olardım. Amma başqa sənəti seçməli oldum. Bununla belə, hər zaman rəssamlıqla, rəsm əsərləri ilə, bu yöndə işıq üzü görən kitablarla maraqlanıram, onları izləyirəm, mütaliə edirəm.
Bu gün valideynlər bəzən övladlarının sənətə, rəssamlığa gəlməsində maraqlı olmurlar, istəyirlər ki, övladları başqa sənət, peşə sahibi olsunlar. Ancaq çox yaxşı haldır ki, valideynləriniz, xüsusilə, atanız sizin bu istəyinizə qarşı çıxmayıb, əksinə, sizi bu sənəti davam etdirməyə həvəsləndirib. Odur ki, sizə rəssamlıq fəaliyyətinizdə, təhsilinizdə uğurlar, gələcəyin gözəl rəssamlarından biri olmağınızı arzu edirəm”.
Gənc rəssam da xoş və səmimi sözləri, həm də onunla görüşə vaxt ayırdığı üçün A. Mirzəzadəyə dərin minnətdarlığını bildirib, millət vəkilinin fikir və tövsiyələrini gələcək fəaliyyətində, təhsilində nəzərə alacağını söyləyib.
Sonra gənc rəssam millət vəkilinə həsr etdiyi əsərini- portreti A. Mirzəzadəyə təqdim edib.
Deputatda da öz növbəsində bir daha gənc rəssama təşəkkürünü ifadə edib.