
"Çox təəssüflə qeyd etmək istərdik ki, son zamanlar bəzi elektron nəşrlərdə, “İzahlı dilçilik terminləri lüğəti” (Bakı, 2018, 912 səh.) haqqında düzgün olmayan fikirlər tirajlanır. Lüğətlər tərtibat əsəridir, onda plagiat axtarmaq düzgün deyil. Lüğəti tərtib edənlər isə müəllif yox, tərtibçi hesab edilir. Belə isə “İzahlı dilçilik terminləri lüğəti”nin tərtibçiləri niyə təhqir olunur".
AzEdu.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova “İzahlı dilçilik terminləri lüğəti" ilə bağlı iddialara münasibət bildirərkən deyib.
O qeyd edib ki, termin - dil işarəsi kimi bir anlayış və ya obyektə aid olaraq, elm və ya texnikanın konkret sahəsinin anlayışlar sistemində məfhumu ifadə edən söz və ya söz birləşməsi mənasını bildirir:
"Terminlər vasitəsi ilə elmi məlumat dəqiq və yığcam çatdırılır. Ona görə də terminlər elm və texnikanın müxtəlif sahələrində işlənən məfhumları, anlayışları ifadə etdiyinə görə həmin anlayışların mənaları ixtisasçılar tərəfindən başa düşülür. Termin elmi-texniki sahələrdə tam şəkildə müəyyənləşmiş xüsusi anlayışları ifadə etməsi ilə yaranır. Hər bir terminin konkret olaraq bir izahı, bir tərifi var. Əgər söhbət termindən gedirsə, istənilən lüğətə baxın, orda onun şərhi eyni cür olmalıdır. Bunu dəyişmək mümkün deyil. Odur ki, indi bunu İdris Abbasov kimi hərfbəhərf tutuşdursaq, onda təbii ki, oxşarlıq olacaq. Çünki ismin, sifətin, sayın və s. bir tərifi var, ona ikinci tərif vermək mümkün deyil. Bu tərif isə tədqiqat prosesində yaranır. İstənilən nitq hissəsinin istənilən termini də onun kimi. Eləcə də mübtəda, xəbər, tamamlıq, təyin və s. Bunlara tədqiqatçılar tərif və izah verib. Riyaziyyatda “inteqral”, “funksiya”, “funksional analiz” və s. Ümumiyyətlə, terminlərə tədqiqat prosesində alimlər tərəfindən tərif və şərh verilir. Lüğətlərdə isə onlar olduğu kimi verilir. Deməli, hər terminin bir şərhi var, bunun başqa şərhi ola bilməz. Terminlərdə standart forma olmalıdır, vahidlik prinsipi gözlənilməlidir, əks halda, elmdə dolaşıqlıq yaranar. Ona görə ki, termin anlayışı adi söz kimi adlandırmır, anlayış terminə təhkim olunur, anlayış onun vasitəsilə reallaşır, yəni terminin mənası onun təyinatıdır. Əgər təyinat məlum deyilsə, termin də məlum deyildir. Terminlər elmin açarıdır. Terminlər alimlərin apardığı tədqiqat prosesində yaranır, tərifi, izahı verilir. Lüğətlərdə isə onlar toplanır. Bu, aksiomadır. Ona görə də terminlər elmin inkişafı ilə yaranan elmi nəzəriyyə, qanun, vəziyyət və s. prinsipləri adlandırmaqla ayrı-ayrı elm və texnikanın vacib bir elementi kimi çıxış edir. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə 130-a yaxın terminoloji lüğət nəşr olunmuşdur".
S.Sadıqova qeyd edib ki, lüğətin tərtibində məqsəd-dilçilik elminin müxtəlif sahələrini, bölmələrini əhatə edən anlayışlar toplayıb ixtisasçılara əhatəli geniş məlumat materialı vermək, elmi işçilərin, müəllimlərin, tələbələrin gündəlik təcrübi fəaliyyətinə kömək etməkdən ibarətdir: "Bu baxımdan, lüğətdə plagiatlıqdan danışmaq qeyri-peşəkar yanaşmadır. Çünki terminin elmin inkişafı ilə bağlı olaraq vahid tərifi formalaşır. Ona görə də lüğətdə həmin terminlər toplanıb verilir, yeni tərif yaradılmır. Lüğətlər tərtib olunur, tərtib olunan əsərlərdə plagiatlıq olmur. Məsələn, atalar sözləri və məsəllər, aforizmlər tərtib olunur. Kim deyə bilər ki, bu atalar sözünü mən yaratmışam?! Xalq tərəfindən yaradılan atalar sözləri də toplanılır və tərtibat əsəri hesab olunur. Lüğət də tərtibat əsəridir. 2018-ci ilin yanvarında nəşr edilən lüğətin plagiat olduğunu iddia edənlər niyə bu qədər vaxt sonra gəlib ucuz yollarla bu lüğəti hədəf alırlar? Ona görə də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən əsərin qeydiyyatı haqqında Şəhadətnamə “İzahlı dilçilik terminləri lüğəti” (tərtibat əsəri. 11.01.2019-cu ildə) verilmişdir. Şəhadətnamədə də lüğət elmi əsər kimi deyil, tərtibat əsəri kimi qeydə alınmışdır. Həqiqətlər riyakarcasına təhrif olunur, ictimaiyyət aldadılır ki, guya lüğət qrant layihəsi ilə tərtib olunub. Guya lüğətin nəşrinə filan qədər dövlət vəsaiti xərclənib? Bildiyimizə görə AMEA da heç bir əsər qrant layihəsi ilə nəşr olunmur. Əgər bu iddianın sahibləri özlərinə bu qədər əmindirlərsə, faktlarla danışsınlar.. ucuz yalanları təkrar-təkrar tirajlamasınlar... Lüğətə nə qədər xərclənib? Hansı qrant layihəsi ilə lüğət nəşr olunub? Bu suallara faktlarla cavab verilsin... "