Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-01 20:46:00
 Məzunlar Assosiasiyasının təsis konfransı keçirildi

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) bu təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib.  AzEdu.az  xəbər verir ki, tədbirdə ADU-nun fəaliyyətini və uğurlarını əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbiri ali məktəbin rektoru, akademik Kamal Abdulla açaraq deyib: “Bu təhsil ocağı sizin hər birinizin ocağıdır. Ölkəmizin təhsil sistemi bu gün Prezident İlham Əliyev birbaşa dəstəyi və səyi nəticəsində kökündən dəyişib. Dillər Universiteti həmin yeniləşmiş təhsil sisteminin bir halqası kimi cəmiyyətimizin diqqət mərkəzindədir. Universitetin məzunları arasında dövlətimizin ictimai-siyasi, mədəni həyatında, eləcə də digər sahələrdə yüksək mövqe qazanmış məzunları var və biz bu gün onlarla fəxr edirik”.

 

Diqqətə çatdırıb ki, Məzunlar Assosiasiyası bu təhsil ocağının məzunlarının təklifi və universitet rəhbərliyinin təşəbbüsü ilə könüllü üzvlük əsasında yaradılmış ictimai və sosial təşkilatdır. Assosiasiyanın yaradılmasında məqsəd ADU məzunlarının ümumi marağı əsasında onun üzvlərinin sosial, mədəni və işgüzar maraqlarının öyrənilməsinə və imkan daxilində ödənilməsinə səy göstərmək, məzunların harada olmasından asılı olmayaraq, onlarla əlaqə yaratmaq, vaxtaşırı görüşlər keçirməklə dünyanın bütün ölkələrinə yayılmış məzunları bir araya gətirmək, onların sahibkarlıq, işgüzarlıq, elmi və yaradıcı fəallıqlarının inkişafına təsir göstərmək, habelə üzvlərinin hərtərəfli maraqlarının daha mükəmməl şəkildə ödənilməsinə çalışmaqdır. Assosiasiyanın ən şərəfli vəzifəsi öz məzunları vasitəsilə Azərbaycan Dillər Universitetinin nüfuzunun ölkəmizdə və dünyada daha da artmasına kömək etmək, müəllim və tələbələrə maddi və mənəvi yardım göstərmək, xeyriyyəçiliklə məşğul olmaqdır.

 

Sonra rektor Məzunlar Assosiasiyası təsis olunması münasibətilə bu təhsil ocağının məzunu olmuş Baş nazir Novruz Məmmədovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

ADU-nun məzunu olmuş mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında vurğulayıb ki, dünyada belə assosiasiyalar məzunlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması, möhkəmləndirilməsi və onların universitetin müasir həyatına cəlb edilməsində mühüm rol oynayır. Nazir qeyd edib ki, hələ Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi təyin edildikdən sonra respublikada bütün sahələrdə olduğu kimi təhsil sistemində, xüsusən ali təhsilli mütəxəssislərin hazırlanması, onların nəzəri və peşə biliklərinin artırılması, tədris-tərbiyə prosesinin təşkilində müasir elmi metodların tətbiq olunması sahəsində də ciddi dəyişikliklər edildi.

 

Nazir bildirib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra bütün ali təhsil ocaqları kimi, bu elm məbədi də Ulu Öndərin böyük diqqət və qayğısı ilə özünün yeni inkişaf yoluna qədəm qoyub. Məhz aparılan ardıcıl və məqsədyönlü islahatların nəticəsi olaraq bu gün universitetin məzunları dünyanın müxtəlif ölkələrində və beynəlxalq tədbirlərdə ölkəmizi uğurla təmsil edirlər.

 

Tədbirdə Milli Məclisin deputatı Cavanşir Feyziyev, sabiq xarici işlər naziri Hüseynağa Sadıqov və başqaları çıxış edərək assosiasiyanın məqsəd və fəaliyyətləri barədə öz mülahizələrini bölüşüb və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

Tədbir bədii hissə ilə davam edib.