
Mayın 1-də akademiyanın illik ümumi yığıncağında AMEA-nın akademik-katibi və Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.
Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçilib. Ümumi yığıncaqda açıq səsvermə yolu ilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın akademik-katibi vəzifəsini icra edən seçilib.
AzEdu.az yeni seçilmiş katiblərin təəssüratlarını öyrənib.
Akademik Vaqif Fərzəliyev AMEA-da uzun illərdir çalışdığını və bu vəzifənin məsuliyyətindən danışıb:
“2007-ci ildə Akademiyanın Kimya Elmləri bölməsinin akademik-katibi təyin olunmuşam. 2008-ci ildə isə Akademiyanın akademik-katibi vəzifəsini icra etmişəm. Dünən keçirilən seçkilərin nəticəsində isə yenidən Kimya Elmləri bölməsinin akademik-katibi seçildim.
Mən AMEA-da formalaşmışam. Onun şərəfini qorumaq, inkişaf etdirmək əsas vəzifəm olub. Məni bu vəzifəyə layiq gördüyü üçün minnətdaram. Çalışacağam ki, bu etimadı doğruldum. Gələcək perspektivimdə elmin, sənayenin inkişafı, fundamental, tətbiqi tədqiqatlar və onların inteqrasiyası əsas yer tutur. Çalışacağam ki, institutumuz bu istiqamətdə çoxsaylı uğurlara imza atsın”.
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov isə qeyd edib ki, bu vəzifə AMEA prezidenti, akademik Akif Əlizadənin və akademiyanın bütün həqiqi və müxbir üzvlərinin mənə olan etimadının nəticəsidir:
“Bu, akademiyada kifayət qədər yüksək vəzifədir. Amma mən düşünürəm ki, AMEA-da istənilən vəzifədə işləmək insan üçün şərəfli olmalıdır. Mən AMEA-da kiçik elmi işçi kimi çalışanda da fəxr edirdim, hazırda da eyni duyğuları yaşayıram. Elmlər Akademiyası son illər çoxşaxəli islahatlar həyata keçirir. Xeyli nailiyyətlər də əldə olunub. Beynəlxalq arenada Azərbaycanın elmi reytinqi kifayət qədər artıb. Son 5 il ərzində artan dinamika ilə AMEA-da böyük inkişaf əldə edilib. Elmi məqalələr, kəşflər yüksək impakt faktorlu jurnallarda dərc olunan məqalələr və bir çox nailiyyətlər əldə edilib.
AMEA-nın hazırkı əsas vəzifəsi beynəlxalq məkana inteqrasiyanı sürətləndirmək, xarici alimlərlə layihələr həyata keçirmək, Avropa elm məkanına daxil olmaq, doktorantura təhsil sistemini Avropa standartlarına uyğunlaşdırmaq beynəlxalq mega layihələrdə fəaliyyəti genişləndirməkdir. Bizim alimlərimiz bu gün ən aktual problemlərlə məşğul olmaqla, xarici həmkarları ilə mübadilələr aparırlar.
4 il əvvəl Akademiyada Magistratura şöbəsi yaradılıb. Onların uğurları göstərir ki, bizim bu sahədə də xeyli uğurlarımız var. Gənclərimizin dil biliklərinin artırılması istiqamətində bir sıra addımlar atılır. Çalışırıq ki, onlar sərbəst şəkildə ingilis dilində olan mənbələri araşdıra bilsin”.
Şüküfə Süleymanlı