Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-04 14:12:00
Peşə təhsilinə yeni nəfəs gətirən sistem - Alman metodu

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində  22 ixtisasın tədrisi aparılır. Burada elektrik xətt quraşdırıcısı və tikişçi ixtisası üzrə hazırlıq pilot qaydada həyata keçirilir.

40 tələbəni əhatə edən layihə çərçivəsind, Almaniyanın dual, yəni, paralel təlim sistemi tətbiq olunur. Bu tədrisdə əsas üstünlük səriştə və təcrübəyə verilir. Tədrisin 70 %-ni təcrübə təşkil edir.

“Dual təhsil sistemi sayəsində gənclər məktəbdə gələcək peşələrinə daha həvəslə hazırlaşırlar”.

Bəs, təhsil mütəxəssisləri ölkəmizdəki peşə məktəblərində tətbiq olunan bu alman sisteminin faydaları barədə hansı fikirdədirlər?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilov  iqtisadiyyatın tələblərinə cavcab verən kadr təlabatının qarşılanmasında DUAL təhsil sisteminin mühüm rol oynadığnı deyib:

“Bu gün peşə təhsilinin inkişafı üçün həlli vacib məsələlərdən biri də ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatını ödənilməsi üçün DUAL sisteminin tətbiq olunduğu İlk Peşə ixtisas Təhsili sisteminin yaradılmasıdır. Yaxın vaxtda peşə təhsilində “Modul sistemi”nə keçidlə bağlı normativ sənədlər hazırlanmalıdır. Keçmişlə müqayisədə bu gün peşə öyrənmiş şəxslər funksionallığı ilə fərqlənirlər. Əvvəl peşə sahibi bir işi  primitiv üsulla edirdisə, indi  İKT texnologiyalarından yararlanır. Demək olar, bütün ixtisasların məzmununda texnoloji dəyişiklik baş verib. Bu gün iqtisadiyyatın tələbi  bir işçinin  daha çox kompetensiyalara malik olması, daha çox iş yerinə yetirə bilməsidir. Hazırda  peşəni dərsliklə deyil, praktika ilə daha yaxşı  öyrənirlər. İnkişaf etmiş ölkələrdə peşə sistemində də bu üsuldan istifadə edilir.

Bu təhsil sistemi sayəsində gənclər məktəbdə gələcək peşələrinə optimal hazırlaşırlar. Bu sistemlə ölkə iqtisadiyyatının ixtisaslı kadr tələbatını ödəyən, müasir iqtisadi çağırışlara reaksiya vermək qabiliyyəti olan peşə təhsili yaratmaq olar. Şagird məktəbdə oxuya-oxuya  ixtisası üzrə zavod və ya fabriklərdə çalışır. Bu, Avropada da belədir. Məsələn, Almaniyada təhsil 2 yerdə aparılır: peşə məktəbində və müəssisədə.  Almaniyanın peşə təhsili təhsilalanların gələcəyinə təminat verir”.

“DUAL  mahiyyətcə təcrübə və  şagirdin səriştəsinə əsaslanan təhsil sistemidir”.   

Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə mərkəzinin tədris istehsalat üzrə direktor müavini Aytac Rzayeva da DUAL təhsil sistemini yüksək qiymətləndirir və onun bütün ixtisaslara tədbiqinin tərəfdarıdır:

“DUAL sisteminin bizim təhsil mərkəzində tətbiqinə 2018-ci ilin sentyabrından başlandı. Pilot layihə olaraq elektrik xətt quraşdırıcısı üzrə mütəxəssis, tikiş avadanlıqlarının operatoru, tikiş ustası ixtisasları üzrə  tətbiq olunmağa. Dual  metodu ilə dərs keçəcək müəllimlər Azərbaycanda və bir sıra Avropa ölkələrində təlimlərdə oldular. Bizə təcrübənin əhəmiyyətini izah etdilər. Peşə təhsilində 30%  nəzəri, 70%  faiz isə təcrübədən istifadə edilməlidir. Təlimlər bitdikdən sonra layihədə iştirak edən müəllimlər pilot qruplarda dərs deməyə başladılar.

Bu  qruplarda dərs cədvəli ənənəvidən xeyli fərqlənir. Əvvəl təhsildə bir dərs cədvəli dərs ilinin axırına kimi istifadə olunurdusa, bu sistemdə  cədvəl şagirdin istəyinə uyğun olaraq dəyişir. Keçmiş sistemdə uşaq həm orta məktəb, həm də praktik fənləri keçir, dərslər hər həftə eyni ardıcıllıqla davam edirdi. Nəzəri biliklərə çox önəm verildiyinə görə uşaqlar dərslərdən tez yorulurlar. Hətta idman dərsindən belə bezirlər.   DUAL təhsil sistemində isə vəziyyət başqadır. Bu, təcrübəyə əsaslanan üsul olduğundan, seçdiyi ixtisası sevən, bu sahəyə marağı olan uşaqlar üçün sözün əsl mənasında fürsətdir.

Məktəbdə şərait yaxşıdırsa, elə burada həyata keçirilir. Özümüz də digər sənaye mərkəzləri ilə əlaqə yaratmağa çalışırıq.  İstehsalat təcrübəsi dövründə isə sənaye mərkəzlərində davamlı təcrübə prosesi keçirlər.

DUAL  tələbələrin xoşuna gəlir. Bu sistem onların sərbəstliklərinə imkan verir. Bu onlarda ixtisaslarına həvəs yaradır. Başqa ixtisaslarda oxuyanlar, onların valideynləri də pilot layihənin tətbiqi ilə bağlı müraciət edirlər. Bu sistem özünü  doğruldur. DUAL təhsil sistemi bütün ixtisaslara tətbiq edilsə, yaxşı olardı”. 

 Rəna Nəbi