Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-04 17:05:00
“Bizdə komediya daha uğurlu alınır” -Tələbələrin film zövqü

“Köhnə kinolara nə qədər baxırsan da, hər dəfəsində nəsə kəşf edirsən” .

“O olmasın, bu olsun”, “Yeddi oğul istərəm”, “Bəyin oğurlanması” və s... Yəqin, Azərbaycan kinosunun bu misilsiz nümunələrini izləməyən tapılmaz. Bəs müasir filmlərimizdə   vəziyyət necədir?

AzEdu.az  kino sənətinə gənclərin gözü ilə baxmaq üçün tələbələr arasında sorğu keçirib.

Bakı Avrasiya Universitetinin III kurs tələbəsi Zəhra Rəsulzadə bildirib ki, ona Azərbaycan filmlərinə sevgini valideynləri öyrədib:

“Filmləri sözlə ifadə edə bilməyəcək qədər çox sevirəm. Bu sevgini məndə valideynlərim yaradıb. “Bəxt üzüyü”, “Böyük dayaq”, “Dəli kür”, “Əhməd haradadır” və s. filmləri sevirəm. Sanki onlar insanı başqa bir dünyaya aparırlar. Bunu anlamaq üçün keçmiş filmləri izləmək kifayətdir. Hər dəfə onlara baxanda eyni hisləri yaşayıram. Ən sevdiyim isə “Dərviş Parisi partladır” filmidir. 

Azərbaycan incəsənətin digər sahələrində olduğu kimi, kinomotoqrafiyada da misilsiz nümunələri ilə tanınır.  Müasir filmləri əvvəlkilərlə  müqayisə etdikdə çox fərqlər görürük. Keçmiş filmlər daha gözəl idi”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetinin III kurs tələbəsi Zeynəb Hüseynli isə köhnə Azərbaycan filmlərini sevsə də bugünküləri demək olar ki, izləmir:

“Onlar müasir filmlərdən dəfələrlə yaxşıdır. Məsələn, bu yaxınlarda “Bəxt üzüyü 2” filmi yayımlandı. Elə onu əvvəlki “Bəxt üzüyü” ilə müqayisə etsək aradakı fərqi görərik. Əvvəlkini neçə dəfə izləsək də hər baxanda eyni hissləri yaşayırıq. Amma bu yeni çıxan filmin mövzusunun nə olduğu belə anlaşılmır”.

Azərbaycan Texniki Universitetinin I kurs tələbəsi Sadiq Musazadə müasir filmlərdəki keyfiyyətin əvvəlkilərlə müqayisədə çox aşağı olduğunu  düşünür:

“Azərbaycan filmi dedikdə ağlıma “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, “Əhməd haradadır” düşür. Məncə, bizdə komediya filmləri daha yaxşı alınır.

Bugünkü  filmlər əvvəlkilərlə müqayisədə çox aşağı səviyyədədir. Aradakı fərqi “Az olsun, söz olsun” fikri ilə izah etmək olar. Hər yerindən duran film çəkir. Bu da özünü doğrultmur. Əsas səbəblərindən biri də,  kadrlarla bağlıdır. Bundan əlavə, maddiyyat  məsələsi də var. Yaxşı nəticə üçün film sənayesinə daha çox pul ayrılmalıdır”.

Azərbaycan Pedoqji Universitetini I kurs tələbəsi Asəf Niyazlı köhnə filmlərin rəng effekti ilə keyfiyyətinin təzadından söz açıb:

“Alma almaya bənzər”, “O olmasın, bu olsun”, “Bəyin oğurlanması” və s. Azərbaycan kinosunun bənzərsiz nümunələridir. Ən sevdiyim  film isə “O olmasın, bu olsun”dur. Bu filmlər rəng effektinə görə indikilərdən geri qalsalar da keyfiyyətcə daha yaxşıdırlar. Zəif  texnologiya ilə elə  gözəl filmlər çəkildiyi  halda, bugünkü  filmlərin belə aşağı səviyyəli olması çox qəribədir. Məncə bu aktyor və ideya kasadlığı ilə bağlıdır”.

Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Əzizə Zeynalova da müasir filmlərdəki problemləri aktyorların səriştəsizliyi ilə əlaqələndirir:

“Azərbaycan filmlərindən “Yeddi oğul istərəm”, “Bizim Cəbiş müəllim”, “Bəyin oğurlanması”, “Papaq”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”, “Axırıncı Aşırım” və s.-nin  adını çəkə bilərəm. Köhnə kinolara nə qədər  baxsan da, hər dəfə yeni nəsə kəşf etmək olur . Obraz,  ssenari - hər incə detal  elə gözəl seçilib ki, dəfələrlə baxsan belə, yenilik görürsən.

İndiki filmlərdən eyni həzzi almaq  olmur. Bunun səbəbi aktyorların canlandırdıqları rolu tam mənimsəyə bilməmələridir. Aktyor obraza nəfəs verməli, çəkiliş zamanı özü olmaqdan çəkinib personajı yaşamalıdır. Bu günki  aktyorlar isə  sanki şeir deyir, əzbərçilik nümayiş etdirirlər. Ssenari seçiminə gəldikdə isə aktual,  maraqlı mövzular olur. Amma aktyor mövzunu tamaşaçıya tam çatdıra bilmədikdə ssenari də heyif olur”.

 Rəna Nəbi